2017-ci ildə Jeep şirkəti Grand Cherokee modelinin ən güclü və sürətli modifikasiyasını buraxmaq niyyətindədir. Bu barədə Carscoops nəşrinə amerikan şirkətinin rəhbəri Mayk Menli demuşdir. Grand Cherokee modelinin 717 at qüvvəli Hellcat mühərriki ilə təchiz edilmiş modifikasiyası Trackhawk adlandırılacaqdır. Hazırda 717 at qüvvəsi və 881 Nm fırlanma anı olan 6,2-litrlik səkkiz silindirli kompressorlu mühərrik Challanger və Charger modellərinə qoyulur.

İlkin məlumatlara görə, tam çəkişli Grand Cherokee Trackhawk modeli 0-dan 96 km/saat sürətinə 3,5 saniyəyə çata biləcək və onun maksimal sürəti 320 km/saat olacaqdır. Gözlənilir ki, Trackhawk dünyada ən dinamik seriya yolsuzluq avtomobili olacaqdır. Hal-hazırda bu sinifdə olan avtomobillər arasında ən sürətlisi 570 at qüvvəli Porsche Cayenne Turbo S və 608 at qüvvəli Bentley Bentayga sayılır. Bu avtomobillər müvafiq olaraq 0-dan 96 km/saat sürətinə 3,8 və 4,0 saniyəyə çatırlar. Onların maksimal sürəti müvafiq olaraq 284 və 301 km/saatdır.

Bundan əvvəl qeyd edilmişdir ki, Fiat Chrysler Automobiles (FCA) ittifaqı 717 at qüvvəli Hellcat mühərrikindən və 6,4-litrlik V8 mühərrikindən imtina etmək fikrindədir. Səbəb kimi, zərərli tullantıların və yanacaq sərfinin səviyyəsinə qarşı tələblərin sərtləşməsi göstərilirdi. Ehtimal olunur ki, bu mühərrikləri iş həcmi az olan ikiqat turbokompressorlu mühərriklər əvəzləyəcəkdir.