Great Wall Motor konserni öz marka çeşidinə daha bir brendi əlavə etməyə hazırlaşır. Confience Auto adlandırılmış brend Çin istehsalçısını lüks seqmentində təmsil edəcək. O, BYD konserninin Yangwang brendi ilə rəqabət aparmalıdır. Confidence Auto brendinin ilk nümayəndəsi Rolls-Royce avtomobillərini xatırladan “premium” dizaynlı 5,5-metrlik sedan olacaq.

Confidence Auto (və ya “inam” kimi tərcümə oluna bilən Zixin Qiche) xəttini qiyməti bir milyon yuandan az olmayan avtomobillər təmsil edəcəklər. Onlar məhdud tirajla buraxılacaq superkar və sedanlar olacaqlar ki, bu da avtomobillərin premium statusunu vurğulamalıdır. Avtomobillərin kapotunu Rolls-Royce brendinin "Spirit of Ecstasy" heykəlciyinə bənzəyən element bəzəyəcək.

Hələlik lüks sedanın texniki hissəsi haqqında məlumat verilməyib, lakin Çin KİV-ləri yeni məhsulların hibrid güc qurğusu ilə hərəkətə gələcəyini proqnozlaşdırırlar. Çox güman ki, bu, Great Wall Motor konserninin güclü 4,0-litrlik V8 mühərrikinə əsaslanan paralel hibrid sistem olacaq. Bu mühərriki “bahalı” brendlərin flaqmanlarında, o cümlədən Tank ofrouderlərinin top versiyalarında quraşdıracaqlar.

İlk Confidence modeli bu yaz – aprel və ya may aylarında debüt edə bilər. Satışlara cari ilin sonunda start verilməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.