Mercedes-Benz şirkəti AMG GT superkarının ən sürətli modifikasiyasının tizerlərini dərc etmişdir. Yeni modifikasiyanın tam adının Mercedes-AMG GT R olduğu bildirilmişdir. Tizerlərlə yanaşı yayınlanmış videoçarxda 24 iyun tarixində Qudvudda təqdimatı keçiriləcək superkarın dizaynı müəyyən qədər açıqlanmışdır. Videoçarxdan da göründüyü kimi, superkar arxa hissədə bərkidilmiş iri antiqanadla təchiz edilmişdir. Əlavə olaraq, avtomobil dəyişdirilmiş qabaq bamper və 1950-ci illlərdə istehsal edilmiş 300 SL modelinin üslubunda hazırlanmış və şaquli dekorativ elementləri olan yeni radiator barmaqlığı ilə təchiz edilmişdir.
Videoçarxa baxdıqda, Mercedes-AMG GT R superkarının interyerində yeni oturacaqların və sarı rəngli təhlükəsizlik kəmərlərinin quraşdırıldığını görmək mümkündür. Eyni zamanda, avtomobilin iki turbokompressorlu mühərriklə təchiz edildiyinə işarə vuran emblemi də çarxda müşahidə etmək mümkündür.
Bildiyimiz kimi, buna bənzər mühərrik AMG GT modelinin digər modifikasiyalarında da quraşdırılır. Lakin, yeni avtomobil üçün mühərriki yeni giriş və buraxılış sistemləri təchiz edərək, onun üfürmə sisteminin təzyiqini artıracaqlar. Saiyələrə görə, mühərrikin gücü 510 at qüvvəsindən 580 at qüvvəsinə qədər artmalıdır.
Əvvəllər AMG GT R modelinin AMG GT S modifikasiyasına nisbətən daha yaxşı aerodinamikaya və yüngül çəkiyə malik olacağı söylənilirdi. Yeni avtomobil təxminən 1520 kiloqram ağırlığa malikdir ki, kuzovun karbondan hazırlanmış elementləri sayəsində AMG GT R modeli Mercedes-AMG GT S modelindən yarım sentner yüngül olmalıdır.
Ehtimallara görə, AMG GT model xətti beş modeldən ibarət olacaqdır. Artıq mövcud olan GT, GT S, və Qudvudda təqdim ediləcək GT R modellərinə, Black Series və açılan tavanla təchiz edilmiş variantlar da qoşulacaqdırlar.