Bu avtomobil keçən payızda Moderna adı ilə anons edilmişdi, lakin o vaxtdan bəri istehsalçının planlarında dəyişiklik olub. İndi kupe Squalo adlanır ki, bu da italyancadan tərcümədə "köpək balığı" mənasını verir. Avtomobilin yaradıcıları ad dəyişikliyinin səbəbini göstərməsələr də, onun kompüter renderlərini dərc edərək, bəzi detalları açıqlayıblar.
Bu layihə ilə, 1991-ci ildən bəri Ferrari avtomobillərinin bərpası və onlara xidmət göstərilməsi üzrə ixtisaslaşmış GTO Engineering firması məşğul olur. Britaniyanın Tuayford şəhərində fəaliyyət göstərən kiçik firma keçən il 250 SWB Revival layihəsini açıqlayaraq, avtomobil istehsalçısı statusunda debüt edib. Yeni layihənin başlıca məqsədi 1960-cı illərin original spesifikasiyası və texnologiyaları əsasında Ferrari 250 GT SWB Berlinetta Competizione kupesinin yeni nüsxələrinin buraxılmasıdır.
Orijinal Ferrari 250 modellərinin çox az sayda istehsal olunduğundan onların qiyməti həddən ziyadə yüksəkdir. Odur ki, britaniyalılar artıq "yenidən hazırlanmış" kupeyə kifayət qədər sifariş yığa biliblər.
Squalo isə GTO Engineering firması üçün növbəti addımdır. Özünəməxsus dizayna sahib olan superkar yalnız zahiri cəhətdə Ferrari 250 modelinə bənzəyəcəkdir, lakin onun salonunda müasir mühəndislik həlləri, materiallar və komponentlər öz tətbiqini tapacaqdır.
Squalo kupesi güclü alüminium alt çərçivələri olan polad borulardan hazırlanmış karkas üzərində qurulacaqdır. Kapot və qapılar “uçan” metaldan hazırlansa da, kuzovun digər panelləri karbonplastikdən olacaqdır.
Bundan başqa, firma Squalo modelinin özünün yaratdığı və yığdığı güc aqreqatı ilə təchiz ediləcəyindən qürur duyduğunu bildirib. Mühərrik demək olar ki hazırdır - bu, keçən əsrin ortalarındakı yarış avtomobillərində olduğu kimi, girişində dörd paylayıcı valı və açıq ucluqları olan 4.0-litrlik V12 mühərrikidir. Transmissiya – mexaniki ötürmələr qutusudur.
Superkar müstəqil asqı sistemi, 18-düymlük təkər diskləri, müasir nazik profilli şinlər, güclü əyləclər, müasir elektrik sistemi və elektronika ilə təchiz ediləcəkdir. Üstəlik, plana görə, avtomobilin boş ağırlığı bir tondan az olmalıdır.
GTO Engineering firması Squalo modelinin xüsusiyyətləri may ayında açıqlayacaqdır. Bundan sonra ilk prototiplərin ümumi yollardakı sınaqlarına başlanacaqdır. Kupenin əmtəə versiyalarının 2023-cü ildə buraxılması gözlənilir. Buna baxmayaraq, GTO Engineering artıq sifarişləri qəbul etməyə hazırdır.