ABŞ-ın biznes-cet istehsalçısı Gulfstream şirkəti keçən ilin oktyabr ayında dünyanın ən böyük biznes-cet sərgisi olan NBAA-BACE tədbiri ərəfəsində özünün yeni bayraqdar modelini təqdim etmişdi. G700 adlanan və bazasında hazırlandığı G650-dən 3 metr daha uzun olan yeni layner, bu sektorun da bayraqdarı olmaqda iddialıdır.
G700 uzun məsafəyə uçmaq bacarığı, sürət və dinamik xarakteristikaları yanaşı, kabinə daxilindəki innovasiyaları ilə sərnişinlərə bənzərsiz uçuş təcrübəsi yaşatmaq üçün hazırlanıb. Gulfstream ən yeni biznes-cetində təhlükəsizlik, komfort, sürət və yüksək texnologiyanı bir araya gətirərkən, bazardakı ən böyük, ən uzun və ən geniş kabinə sahib olan biznes-cet adını da ələ keçirib.
Belə ki, G700-ün uzunluğu 33.48 metr, qanadlarının ucları arasındakı məsafə 31.89 metrdir. Salonun uzunluğu 17.4 metr, hündürlüyü 1.9 metr, eni isə 2.5 metrdir. Bu ölçülər hava gəmisində 19 sərnişin oturacağını yerləşdirməyə imkan verir. Lakin müştərinin istəyinə uyğun, daha çox komfort tələb edilərsə, 10 sərnişin üçün yatağa çevrilən oturacaqları da yerləşdirmək mümkündür. Cet 20 ədəd oval pəncərəyə sahibdir. Müştərilərinin arzusu ilə, şirkət cetə hətta duş da yerləşdirə biləcəyini deyir. Xüsusi işıqlandırma sistemi isə sərnişinləri uzun uçuşlar zamanı jet-lag təsirindən qoruyur. Salondakı hava mümkün qədər aşağı hündürlüyə uyğun hesablanıb ki, bu da komfortu daha da artırır.
Rolls-Royce Pearl 700 motorlarından güc alan cet maksimum 48807 kq ağırlıqla qalxa bilir. Havaya qalxması üçün 1905 metr uzunluğu olan uçuş zolağı kifayət edən G700, icazə verilən eniş ağırılığı ilə 762 metrlik məsafədə tam dayana bilir. Fevralın 14-də ilk uçuşunu reallaşdıran cetin maksimum uçuş uzunluğunun əvvəlcə 15545 km olduğu bildirilsə də, testlərdən sonra bu rəqəm 14400-14800 km olaraq qeyd edilib. Maksimal sürəti isə 0,90 Maxa, yəni 956 km/saata bərabərdir. Yeni vinqletlər təyyarəyə aerodinamik üstünlük qazandırır.
Cetin Honeywell tərəfindən hazırlanan kokpitində müasir Uçuş Görüşü Sistemləri ilə yanaşı, başüstü sensor cihazlar da quraşdırılıb. Ümumiyyətlə, kokpitdə sensorlara üstünlük verilib. Bütün bunlar, xüsusilə də eniş zamanı, pilotları əlavə rahatlıqla təmin edir.
Hazırda test üçün hazırlanan 5 ədəd təyyarə var və onlarla həm yer, həm də uçuş testləri aparılır. Kütləvi istehsalına və müştərilərə çatdırılmalarına 2022-ci ildən başlanılması gözlənilən cetin qiyməti 75 milyon dollardır və bu göstəriciyə görə də bütün rəqiblərinə nisbətən daha "yüksəkdən uçur". Artıq cetin ilk müştəriləri də məlumdur - Qatar Airways şirkətinin tərkibindəki Qatar Executive və Flexjet