Avstriyanın Fukkinq (Fucking) kəndinin sakinlərini kəndin giriş və çıxışında gülməli yol nişanları ilə şəkil çəkdirən turistlərin əlindən zinhara gəliblər. Kənd sakinləri problemi kökündən həll etmək üçün, radikal addım atmağa məcbur olublar: bundan sonra kənd Fugging adlandırılacaqdır. Bu barədə, yerli bələdiyyə başçısı Andrea Holznerə istinadən The Guardian nəşri xəbər verir.
Yüz nəfər əhalisi olan Fukkinq kəndi, Vyanadan 350 kilometr qərbdə, Tarsdorf bələdiyyəsində yerləşir. Yaşayış məntəqəsinin adı 11-ci əsrə aiddir, lakin ingilisdilli turistlər onu söyüş hesab edirlər. Kəndin adını dəyişdirməsi səbəbi təkcə turistlərin nişanlarla şəkil çəkdirməsi deyil - bir neçə dəfə turistlər nişanları sökərək aparıblar.
Holznerin bildirdiyinə görə, yerli əhali KİV-lərin diqqətindən, avtomobil turistlərinin əlindən və vandalizmdən zinhara gəlib. O, qəsəbənin adının dəyişdiriləcəyini təsdiqləyib - 2021-ci ildə kəndin giriş və çıxışında yeni yol nişanları quraşdırılacaqdır.
Ancaq tarixi adın dəyişdirilməsinə qarşı çıxanlar da var. Adın dəyişdirilməsinə qarşı çıxanlar kəndin adına görə məşhurlaşdığını bildirirlər - hətta kənd, avstriyalı yazıçı Kurt Palmın kitabında da yer alıb. 2013-cü ildə bu kitabın əsasında "Bad Fucking" komediyası da çəkilib.
Bununla birlikdə, kəndin adı dəyişdirildikdən sonra, turistlər diqqətlərini Fukkinqdən yarım saatlıq məsafədə yerləşən başqa bir kəndə yönəldə bilərlər: bu kəndin giriş və çıxışında Petting yazılan yol nişanları quraşdırılıb.
Mənbə: The Guardian