Dünən Hollandiyanın Katveyk şəhərində günəş batareyaları ilə təchiz edilmiş Lightyear One elektrokarının təqdimatı keçirilib. Günəş batareytaları elektromobili ildə əlavə 20 min kilometrlik «havayı» yürüş ilə təmin edəcəkdir. Əlbəttə ki, günəşli havanın olması ilk şərtdir.
Lightyear One modelinin qabarit uzunluğu 5057 mm, eni - 1898 mm, hündürlüyü isə 1426 mm təşkil edir. Ölçülərinə görə elektrokar Audi A7 Sportback və BMW 6 Series GT modelinə yaxındır. Dərc edilmiş şəkillərdən də göründüyü kimi, avtomobilin salonu əsl parça ilə örtülüb. Yeganə plastikdən hazırlanmış element sükan idarəetməsinin blokudur. Döşəməyə isə, ənənəvi örtük əvəzinə əsl ağacdan hazırlanmış örtük vurulub. Eyni materialdan mərkəzi konsolun hazırlanmasında istifadə edilib.
Liftbek dörd elektromotor (hər təkərdə biri) və 725 kilometrlik (WLTP) yürüş məsafəsini təmin edəcək batareyalar ilə təchiz edilir. Hələlik istehsalçı batareyanın həcmini açıqlamayıb. Bununla belə, şirkət elektrokarın 100 km/saat həddinə 10 saniyəyə sürətləndiyini bildirib.
Dam və kapot üzərində quraşdırılmış günəş panelləri sayəsində avtomobil əlavə yürüş kilometrlərinə malik olacaqdır. Günəşli regionların sakinləri ildə 20 min kilometr «havayı» yürüş əldə edə bilərlər. Tutqun havası ilə seçilən regionlarda bu rəqəm bir qədər az olacaqdır. Məsələn, qışda Niderlandda panellər gündə 7 kilometrlik yürüş məsafəsini təmin edəcəklər. Günəş panellərinin hasil etdiyi enerjidən istifadə edərək elektromobili 15-20 km/saata qədər sürətləndirmək olar.
Satış qiyməti 119 min avro olacaq elektomobillərin istehsalına 2021-ci ildə Lightyear şirkətinin Hollandiyadakı zavodunda başlanacaqdır. Signature Edition seriyasından ibarət olan ilk 10 avtomobildən birini sifariş etmək üçün onun dəyərini tamamilə ödəmək gərəkdir. Növbəti 100 elektrokar Pioneer Edition təchizat səviyyəsinə malik olacaqdır. Lightyear One modelinin baza versiyanı sifarış etmək üçün 4000 avro beh vermək tələb olunur. Şirkət artıq ilk 100 elektromobili satdığını bildirib.