Haas F1 komandası yeni mövsümdə istifadə edəcəyi avtomobili təqdim edən ilk komanda olub. Yeni VF-20 ənənəvi rəng çalarlarına boyanıb – keçən il qalmaqallı Rich Energy titul sponsorundan sonra qızılı rənglərdən imtina edilib və boz, qırmızı və qara rənglərə üstünlük verilib.
Qeyd edək ki, komandanın mətbuat xidməti heç bir texniki məlumat olmadan yalnız yeni maşının görüntülərini yayımlayıb. Barselonada mövsümöncəsi testlərin ilk günü üçün real təqdimat planlaşdırılıb – yeni maşın fevralın 19-da testlərin başlamasından bir saat əvvəl pit yolunda komandanın boksları önündə nümayiş etdiriləcək.
VF-20-ni trasa əvvəlcə Kevin Maqnussen, ertəsi gün isə Roman Qrojan çıxaracaqlar. İlk üçgünlük test seriyasının son günündə hər iki Haas sürücüsü növbə ilə işləyəcək.
Günter Ştayner: “Yeni Formula 1 avtomobilinin yaradılmasını, işlənib hazırlanmasını və yığılmasını izləmək həmişə maraqlıdır. Aydındır ki, VF-20 əvvəlki avtomobilimizdən almadığımızı bizə verməlidir. Bu il qaydalar dəyişməmiş qaldığından, maşınları daha yaxşı başa düşə bildik və keçənilki maşının zəif yerlərini aradan qaldırmaq üçün işlərimizi düzgün qurduq.
Keçən il geri addım atdıq – bunu istəməzdim, amma belə hallar bir dərs olur. Hamımız nəticə çıxardıq. Komandadakı hər kəs işlərini qiymətləndirməli və daha yaxşı nəyin edilə biləcəyini tapmalı idi.
Trasda VF-20-nin debütünü gözləyirik. Həmişə olduğu kimi, testlərdə çox şey etmək istəyirik və Avstraliyada yeni mövsümün ilk yarışına hazırlıq çərçivəsində uzun məsafə qət etsək, yaxşı etibarlılıq və sürət göstərsək, xoşbəxt olacağıq”.
Mənbə: F-1.az