Premium avtomobillər istehsalçısı olan BMW şirkəti təklif etdiyi modellərin sayını ciddi şəkildə artırmağı planlaşdırır. Bavariya istehsalçısını bu addımı atmağa vadar edən əsas səbəb, premium seqmentindəki satışlar üzrə dünya liderliyini əzəli rəqibi olan Mercedes-Benz şirkətinin əlindən geri almaq istəyidir.
«Biz təklif etdiyimiz model cərgəsinin artımına start vermişik», - BMW şirkətinin baş direktoru Harald Krüger illik mətbuat konfransındakı çıxışında bildirmişdir. - «Biz bu günə qədər şirkətimizin tarixində misli görünməmiş transformasiya prosesinə başlamışıq». 2015-ci ildə alman şirkətinin rəhbəri təyin edilmiş Krügerin odlu-alovlu çıxışının səbəbi səhmdarların ona göstərdiyi təzyiqin birbaşa nəticəsidir. Bu təzyiqin səbəbi isə, 2016-cı ildə şirkətin gəlirliliyinin son altı ildə olan minimuma enməsidir.
Bundan başqa, digər bir səbəb, ilk dekada olan satış nəticələrinin Mercedes-Benz şirkətinin analoji dövr üzrə əldə etdiyi göstəricilərin gerisində qalmasıdır.
Exane BNR Paribas şirkətinin analitiki Stüart Pirsonun sözlərinə görə, «model sayının ən iri artımı» sözləri bir qədər yüksək səslənsə də, söhbət iki krossoverin təqdimatından və bir sıra modellərin yenilənməsindən gedir. İstənilən halda şirkət rəhbərinin çıxışı 21 mart tarixində Frankfurt birjasındakı hərraclarda BMW səhmlərinin dəyərinin 1,3 faiz artmasına səbəb olmuşdur.
Ümumilikdə, alman şirkətinin səhmləri il ərzində 5,9 faiz dəyər itkisinə məruz qalmışdırlar.
Yenilənmiş BMW 7-Series sedanının Mercedes-Benz S-Class modeli ilə mübarizədə uduzması və BMW 5-Series modelinin ehtiyatlı yenilənməsi BMW, Rolls-Royce və Mini avtomobillərinin istehsalçısını yeni çıxış yolları axtarmağa məcbur edir. Göründüyü kimi, Krüger əsasən satışların deyil, gəlirliliyin artırılmasını hədəf almışdır. Bunun əsas məqsədi, resursları cəmləyərək pilotsuz elektromobillərin yaradılmasına sərmayə qoyulmasıdır. Alman istehsalçısının əsas hədəfi batareyalardan qidalanan və tamamilə avtonom idarə edilən iNext modelinin 2021-ci ildə istehsalına başlamaqdır.
İllik gəlirinin 5,5 faizini elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə sərf edən BMW şirkəti, yaxın iki il ərzində bu göstəriciləri artrmaq fikrindədir. Şirkətin planlaşdırılan gəlirləri və mənfəəti 2017-ci ildə «yüngül» şəkildə artsa da, gəlir marjası satışlardan əldə edilən vəsaitin 8 - 10 faizini təşkil edəcəkdir.
BMW şirkətinin yaxın iki il üçün nəzərdə tutduğu 10 milyardlıq sərmayə qoyuluşu planı Mercedes-Benz şirkətinin analoji dövr üçün 16,2 milyardlıq investisiya planı ilə müqayisə edilir. Keçən il, Ştuttqartlı istehsalçı model cərgəsində olan boşluqları dolduraraq Bavariyalı rəqibini satış göstəriciləri üzrə üstəmişdir. Mercedes-Benz şirkəti qəbul edilmiş səkkiz illik plana əsasən 2021-ci ilə qədər, hazırda şourumlarda nümayiş etdirilən GLA və GLC modelləri də daxil olmaqla 13 yeni modeli təqdim etməlidir. BMW şirkəti isə, yuxarıda qeyd edilən 40 modeldən savayı, ən çox gəlir gətirən 7-Series top-xəttini yeni dəbdəbəli modellər ilə tamamlamaq niyyətindədir. Krügerin sözlərinə görə əsas məqsəd Mercedes-Benz şirkətinə meydan oxumaq və «BMW brendini bu seqmentdə ən güclü brend etməkdir». Lakin, bütün bunlar BMW şirkətinin satış göstəricilərinə görə əzəli rəqibini üstələyəcəyinə zəmanət vermir.
BMW şirkətinin maliyyə direktoru Nikolas Peterin bildirdiyinə görə, «gəlirlilik bizim üçün satışlar uğrunda mübarizədən daha vacibdir».