Bu ad avtomobil həvəskarlarına yaxşı tanış olmalıdır. Londonda fəaliyyət göstərən Harold Radford atelyesi 1948-ci ildə yaradılmışdı. Atelye ingilis avtomobillərinin təkmilləşdirilməsi üzrə ixtisaslaşmışdı və bu ona dünya məşhurluğunu gətirmişdi. Məsələn, atelye Aston Martin DB5 idman avtomobilinin əsasında üçqapılı şutinq-brey istehsal edən ilk şirkət olmuşdu. Britaniyalılar Rolls-Royce və Bentley modellərinin əsasında dəbdəbəli universallar hazırlayır və hətta kiçik Mini modellərini də təkmilləşdirməkdən çəkinmirdilər.
Aston Martin Vantage Shooting Brake (1965-ci il)
Onların müştərilərinin arasında The Beatles dördlüyü də var idi. Lakin yetmişinci illərdə belə avtomobillərə olan tələbat kəskin şəkildə azaldı və şirkət 1977-ci ildə fəaliyyətini dayandırmağa məcbur oldu. Keçən əsrin 90-cı illərində atelyeni canlandırmağa çalışsalar da, işi sona çatdıran olmadı.
Bentley Mark VI Countryman (1949-cu il)
Ancaq deyəsən yeni cəhd daha uğurlu olmalıdır. Restart rəsmi olaraq keçən ilin mart ayında elan edilib, ancaq qeyd sənədlərinə baxsaq, yeni özəl şirkət olan H. Radford (Coachbuilders) Ltd şirkətinin 2015-ci ildə yaradıldığını görmək olar. Şirkət Hartfordşir qraflığının Letçmor Hit qəsəbəsində qeydiyyatdan keçib. Yeni şirkətin əsasını qoyanlar dörd nəfərdir - keçmiş Formula 1 pilotu Censon Batton, dizayner Mark Stabbs, teleaparıcı Ant Ansted və vəkil Rocer Bel.
Rinqo Starrın sifarişi ilə hazırlanmış Austin Cooper S
Yenidən həyata qaytarılan Radford şirkəti sələfi kimi təkmilləşdirmələrlə mə.ğul olacaqdır britaniyalılar seriya modellərinə əsaslanan unikal avtomobilləri istehsal etmək niyyətindədirlər. Təsisçilərin fikrincə, belə məhsullara tələbat indi hər zamankindən daha yüksəkdir. Bu həqiqətən də belədir: Bentley, Rolls-Royce, Ferrari və ya Lamborghini şirkətləri son illərdə xüsusi sifarişlər əsasında unikal avtomobilləri yaratmaq üçün “saray” atelyelərini aktivləşdiriblər.
İlk yeni Radford modeli artıq tizerdə açıqlanıb. Onun əsasını Lotus sportkarı təşkil edir və işlər Lotus Engineering ilə əməkdaşlıqda həyata keçirilir. Avtomobilin təqdimatı bu il baş tutmalıdır. Modelə sifarişlərin və depozitlərin qəbuluna təqdimatdan öncə başlanacaqdır.