Amerika Birləşmiş Ştatlarının məşhur motosikl istehsalçısı Harley-Davidson şirkəti yaxın beş il müddətində elektrik mühərriki ilə hərəkətə gələn motosikl buraxacaqdır. Bunu şirkətin vitse-prezidenti Şon Kamminqs “The Verge” dərgisinə verdiyi müsahibədə bəyan etmişdir. Bununla belə, Kamminqs yeni motosikl haqqında heç bir məlumat verməmişdir. Dərginin qeyd etdiyi kimi, elektrik motosikli buraxmaqla, Harley-Davidson şirkəti gənc alıcıların diqqətini cəlb etmək fikrindədir.
Harley-Davidson şirkəti bundan əvvəl LiveWire layihəsinin çərçivəsində elektrik motosiklini hazırlamışdır. Konseptin hazırlanmasında əsas məqsəd, markanın müştərilərinin elektriklə hərəkətə gələn motosiklə münasibətini öyrənmək olmuşdur. Bu motosikl haqqında məlumat ABŞ üzrə turne zamanı yığılmışdır.
Harley-Davidson LiveWire konsepti yerindən 96 km/saat həddinə təxmini dörd saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 160 kilometr-saata bərabərdir. Elektomotoikl dolu batareyalarla 90 kilometr məsafəni qət etmək iqtidarındadır. Akkumulyatorların doldurulmasına üç saat yarım vaxt tələb olunur.