Haval markası Çenduda keçirilən avtosalonda yeni kupeşəkilli H6S krossoverini nümayiş etdirib. Haval H6S modeli üçüncü nəsil H6 modelinin bazasında inşa edilib və onun konsepsiyası baza krossoverindən tamamilə fərqlidir.
H6S modeli güclü maili arxa şüşəsi olan liftbek kuzovuna malikdir Baza H6 modeli müqayisədə S-modelinin hündürlüyü 50 millimetr (1680 millimetr) azalsa da, avtomobilin yaradıcıları dam xəttini enişli etməkdən çəkiniblər. Nəticədə avtomobilin silueti kupeyə deyil, daha çox sedana bənzəyir. Buna baxmayaraq, çinlilər avtomobilin təkər bazasını 2738 millimetrdən 2800 millimetrə qədər artırıblar. Bütün bu artım ikinci cərgənin payına düşür ki, bu da arxa hissədəki məkanı daha geniş edib. Krossoverin uzunluğu da baza modelindən fərqlənir - 4653 millimetrə qarşı 4780 millimetr.
Eyni zamanda, Haval H6S modeli ön hissəinin daha aqressiv dizaynı ilə fərqlənir, matrisa fənərləri isə artıq standart təchizata daxildirlər. Arxa fənərləri isə, baza krossoverində olan qırmızı zolaqdan məhrum ediblər. Təkər disklərinin ölçüləri 19 düymdür. Avtomobilin interyeri baza krossoveri ilə eynidir - fərqlər “karbon” işləmələrdən, parlaq dekordan və idman oturacaqlarından ibarətdir.
Kupeşəkilli krossover 1,5-litrlik baza mühərriki ilə təklif edilməyəcəkdir. Kross-kupe standart olaraq 218 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik və yeddi pilləli “robot” ilə təchiz olunacaqdır. Ötürmə - ön oxa və ya tam ola bilər. Bundan başqa, ailədə ilk dəfə olaraq, H6S modeli L.E.M.O.N DHT hibdrid güc qurğusu ilə təchiz ediləcəkdir. Bu aqreqat Wey markas;ndan götürülüb.
Hibrid qurğunun tərkibinə 1,5-litrlik turbomühərrik və iki elektromotor (hər oxda biri) daxildir. Güc qurğusunun ümumi hasilatı 243 at qüvvəsi və 530 Nm-dir. Sistem həm paralel, həm də ardıcıl rejimdə işləyə bilər: 35 km/saata qədər olan sürətlərdə təkərləri yalnız elektrik mühərrikləri hərəkətə gətirir, turbomühərrik isə generator rejimində işləyir. Sonrakı sürətlənmə zamanı benzin mühərriki aparıcı təkərlərə qoşulur. Ənənvi ötürmələr qutusunun əvəzinə isə, robotlaşdırılmış ötürmə mexanizmi olan ikipilləli reduktor quraşdırılıb - ikinci pillə 65 km/saat həddində qoşulur. Hibrid krossover 100 km/saat həddinə 7,5 saniyəyə sürətlənir.
Haval H6S modelinin Çindəki satışlarına sərgidən dərhal sonra başlanacaqdır. Çində benzin mühərrikli krossover 21.500 dollardan, hibrid varinatı isə 24.000 dollardan başlayan qiymətlərlə təklif ediləcəkdirlər.
Haval şirkəti Çendu avtosalonunda H6 modelinin 10 illik yubileyinə həsr olunmuş H6 Supreme+ krossoverini də nümayiş etdirib. Faktiki olaraq bu versiya H6 modelinin ən dəbdəbəli versiyasıdır - krossoverin təchizatına dəri salon və opsiyaların tam dəsti daxil edilib. Əlavə olaraq H6 Supreme+ modeli orijinal bamperi və haşiyəsiz radiator barmaqlığı ilə seçilir. Dəbdəbəli H6 krossoveri 1,5-litrlik (169 at qüvvəsi) və 2,0-litrlik (218 at qüvvəsi) turbomühərriklər ilə təklif edilir. Modelin qiyməti 21 min dollardan başlayır. Xatırladaq ki, baza krossoverinin qiyməti 18 min dollardan başlayan qiymətlərlə satılır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.