Haval şirkəti yeni H6 krossoveri haqqında təfərrüatları açıqlayıb. Krossoverin üçüncü nəsli sələfinə nisbətən daha böyük olub, alüminiumdan geniş istifadə edilmiş şassini, yeni 2.0-litrlik turbomühərrik əldə edib, həçminin maraqlı interyer dizaynı ilə seçilir. Yenu nəsil Haval H6 modelinin Çindəki satışlarına avqust ayında başlanacaqdır.
Haval şirkəti üçüncü nəsil H6 modelinin yeni bir modul platforma üzərində qurulduğunu və şassinin müəyyən hissələrinin alüminiumdan hazırlandığını bildirib. Arxitektura dəyişməyib: öndə McPherson dayaqları, arxada isə çoxqollu asqıdır, mühərriki ön tərəfində köndələn şəkildə yerləşir. Yeni şassinin əsas üstünlüyü, ardıcıl və doldurulan hibridlərin yaradılması da daxil olmaqla, elektrikləşdirilmə imkanıdır.
Haval H6 modelinin başqa bir konstruktiv xüsusiyyəti, yüngül və davamlı kuzovudur. Nəsil dəyişməsindən sonra H6 modelinin uzunluğu 53 millimetr artaraq 4653 millimetrə çatsa da, kuzovun çəkisi 44 kiloqram azalıb. Eyni zamanda, yüksək möhkəmlikli poladdan istifadə sayəsində kuzovun burulmaya qarşı sərtliyi 10% artıb. Çin şirkətinin mühəndisləri yeni H6 modelinin sələfindən 14 faiz qənaətcil olduğunu iddia edirlər.
Haval H6 modelinin salonu tamamilə yenidir. İnteryer minimalistik üslubda hazırlansa da, effektiv detallardan məhrum deyil - avtomatik transmissiyanın şaybası, dinamiklərin üzərində "süzən" mis rəngli qapı tutacaqları və yüksək rəvan mərkəzi tunel zərif şəkildə hazırlanmışdır.
Sürücünün qarşısında 10.25-düymlük virtual cihazlar paneli və 10-düymlük proyeksiya ekran vardır. İqlim nəzarəti və multimedia sisteminin idarə edilməsi 12.3-düymlük sensorlu ekranında cəmləşdirilmişdir. Krossoverin avadanlıq siyahısı kifayət qədər zəngindir: panoram dam, elektriklə tənzimlənən və qızdırılan ön oturacaqlar, dəri interyer, altı hava yastığı və qadcetlərin simsiz doldurulma sistemi bu siyahıya daxildir.
Havalşirkəti keçən həftə yeni H6 modelinin eksteryeri və ölçüləri barədə məlumatı paylaşıb, indi isə avtomobilin texniki hissəsi haqqında məlumat verir. Yeni model əvvəlki modelindən tanış olan 169 at qüvvəsi və 285 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik ilə yanaşı, birbaşa çiləməli yeni 2,0-litrlik dördsilindrli mühərriki əldə edəcəkdir. Aqreqatın hasilatı 224 at qüvvəsi və 385 Nm fırlanma anı təşkil edir.
Hər iki mühərrik, iki "yaş" muftas; olan 7-pilləli "robot" ilə tandemdə çalışır. Haval H6 modeli standart olaraq ön ötürmə ilə təklif ediləcəkdir. Əlavə ödənişlə, krossoveri arxa oxu qoşma muftası olan tam ötürmə sistemi ilə də sifariş etmək olar.
Yeni Haval H6 modelinin qiyməti bir ay ərzində açıqlanacaqdır. H6 modelinin Çindəki satışlarına avqust ayında başlanacaqdır. Çox güman ki, yeni Haval H6 modelinin Azərbaycan bazarındakı satışlarına ilin sonuna qədər start veriləcəkdir.