Great Wall Motors şirkətinin törəmə müəssisəsi olan Haval markası Şanxay avtosalonunda HB-03 PHEV Concept adlı konseptual krossoverini nümayiş etdirmişdir.
Təqdim edilmiş krossover-kupenin dizaynı üzərində, əvvəllər BMW şirkətinin M GmbH bölməsinin dizayneri Pyer Lekkerk işləmişdir. Xatırladaq ki, Leklerk uzun müddət Bavariya istehsalçının modellərinin dizyanı üzərində işləmişdir. Bunlara misal olaraq X6 modelinin ilk nəslini göstərmək olar. Bununla belə, təqdim edilmiş krossover çin markasının istehsal etdiyi heç bir modelə bənzəmir. Eyni zamanda, yeni konsept Leklerkin əvvəlki işlərini də xatırlatmır. İlk növbədə avtomobilin iri radiator barmaqlığı, güclü bamperləri və unikal işıq texnikası nəzərə çarpır. Əlavə olaraq, konsept maraqlı dizayna malik olan iri təkər disklərinə də sahibdir.
Konseptin salonunda da sadəliyin və funksionallığın təzhürünü görmək mümkündür. Ənənəvi cihazların əvəzinə salonda sensorlu displeylər quraşdırılmışdır. Konseptin hibrid güc aqreqatı ilə təchiz edildiyi məlum olsa da, onun texniki xarakteristikaları istehsalçı tərəfindən açıqlanmamışdır.