Haval şirkəti H6 krossoverinin üçüncü nəslini təqdim edib. Nəsil dəyişikliyi ilə Haval H6 modelinin ölçüləri böyüyüb: krossoverin uzunluğu 4653 millimetr (+53), eni - 1886 millimetr (+26), hündürlüyü - 1730 millimetr (+10), təkər bazası isə 2738 millimetrdir. Yeni krossover təkər bazası sələfində olduğundan 58 millimetr genişdir. Qabaritləri baxımından yeni nəsil Haval H6 modelini Mitsubishi Outlander və Toyota RAV4 krossoverləri ilə müqayisə etmək olar.
Yeni Haval H6 iki tərtibat variantı olan radiator barmaqlığı ilə təklif ediləcəkdir. Variantlardan biri üfüqi zolaqları, digəri isə torlu naxışı nəzərdə tutur. Loqotip də dəyişib: emblemin ölçüləri böyüyüb və boz yerinə qara fonda yerləşdirilib. Digər dəyişikliklərə arxa fənərləri birləşdirən LED zolaq daxildir. Yeni H6 krossoverinin interyer şəkilləri dərc edilməyib, buna görə də, krossoverin interyer dizaynının nə dərəcədə dəyişdiyi məlum deyil.
Güc qurğularına gəldikdə, üçüncü nəsil H6 krossoveri ilk mərhələdə 169 at qüvvəsinə sahib olan 1,5-litrlik turbomühərrik ilə təklif ediləcəkdir. Daha sonra 2,0-litrlik dördsilindrli turbomühərriklə təchiz edilmiş versiya işıq üzü görəcəkdir.
Haval H6 krossoverinin üçüncü nəslinin təqdimatı 2020-ci ilin avqust ayına planlaşdırılıb.