ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) turbokompressorlu 3,0-litrlik Hurricane mühərriki ilə təchiz edilmiş Jeep Grand Wagoneer ofrouderlərinin yanacağa qənaət reytinqini dərc edib. Səkkizsilindrli Hemi atmosfer mühərrikinin turbokompressorlu varisindən o qədər də “acgöz” olmadığı aşkar edilib - qarışıq rejimdə iki mühərik arasındakı yanacaq sərfiyyatı fərqi 100 kilometrə cəmi 1,85 litr olub. Güc baxımından 6,4-litrlik V8 mühərriki turbo varisindən geridədir: 517 at qüvvəsinə qarşı 477 at qüvvəsi.
HEMI V8 atmosfer mühərriki
Hazırda Jeep Grand Wagoneer ofrouderi həm köhnə 6,4-litrlik Hemi V8 (477 at qüvvəsi, 617 Nm) atmosfer mühərriki, həm də yeni 3,0-litrlik sıralı altısilindrli Hurricane turbomühərriki (517 at qüvvəsi, 678 Nm) ilə təklif edilir. Buna gör də, EPA agentliyi düzgün müqayisəni apara bilib.
Sınaq nəticələrinə görə, qarışıq rejimdə ötürmə növü yanacaq sərfiyyatına o qədər də ciddi təsir göstərmir: V8 Hemi ilə təchiz edilmiş arxaötürməli ofrouder yalnız magistral yollarda bir qədər daha qənaətcildir. Turbomühərrikli Grand Wagoneer isə hər zaman yanacağa qənaət edir. Şəhər rejimində Jeep markasının tamötürməli flaqmanı istənilən halda “acgözdür”: Hemi V8 ilə istehlak 18,1 litrə, Hurricane R6 ilə isə 16,8 litrə çatır.
3.0-litrlik Hurricane turbomühərriki
Jeep şirkətinin rəhbərləri artıq Hurricane turbomühərrikinin V8 Hemi atmosfer mühərrikini tamamilə əvəzləyəcəyini təsdiqləyiblər. Bu arada amerikalılar adi Jeep Wagoneer ofrouderi üçün də EPA reytinqini gözləyirlər: yəqin ki, yeni 3,0-litrlik turbomühərriklə (426 at qüvvəsi, 635 Nm) 5,7-litrlik V8 atmosfer (397 at qüvvəsi, 548 Nm) mühərriki arasındakı sərfiyyat fərqi daha çox olacaqdır
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.