Bu gün Monakoda keçirilən təsnifat mərhələsində ən yeyin pilot Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton olub. O, Monakodakı dövrəni 1.10,166 zamanla qət edərək, bu trekin yeni rekordunu qeydə alıb. Üstəlik, britaniyalı komanda yoldaşı Valtteri Bottasın üç ardıcıl poul seriyasına son verib.

Bottas isə, sonuncu seqmentdəki ikinci cəhddə səhvə yol verərək zamanını yaxşılaşdıra bilməyib. Fin pilot komanda yoldaşından 0,086 saniyə geridə qalıb. Üçüncü nəticəni Red Bull Komandasının hollandiyalı pilotu Maks Ferstappen qeydə alıb. Dördüncü yerdən start alacaq pilot isə Sebastyan Fettel olub.

Yerli azarkeşlərin sevimlisi olan Şarl Lekler isə Scuderia Ferrari körpücüyünün axmaqlığının qurbanı olub. İlk seqmentdə ikinci cəhdə yollanmaq imkanı olan monakolu pilotu komanda boksda saxlayıb. Nəticədə, Lekler ilk 15-liyin xaricində qalıb və yarışa 16-cı yerdən başlayacaqdır. Qeyd etmək lazımdır ki, Monakodakı təsnifat mərhələsində italyanlar tam fiaskoya uğrayıblar. Bu günki hadisələr onu göstərir ki, bu gedişlə italyanlar növbəti çempionluq titulunu daha  bir 21 il gözləməli olacaqdırlar.

Ferstappenin komanda yoldaşı Pyer Qasli təsnifatı beşinci olaraq bitirib. Onu Haas pilotu Kevin Maqnussen təqib edib. Dördüncü cərgəni Daniel Rikkardo və Daniil Kvyat tutublar. İlk onluğu Karlos Sayns və Aleksandr Əlbon tamamlayıb.