Fikrimcə, Formula 1 çempionatında üçüncü kubok təsis edilməlidir - hiyləgərlik kuboku. Şübhəsiz ki, bu kubokun sahibi artıq hər kəsə bəllidir - Mercedes. Alman komandası zaman-zaman rəqiblərinə yanlış qərarlar qəbul etdirmək üçün taktiki hiyləgərliyə əl atdığı heç kim üçün sirr deyil. Elə dünən keçirilmiş Monako Qran Prisində Lyuisin tez-tez şinlərdən şikayət edərək pit-stop tələb etməsi də bu səpkidən olan taktiki hiyləgərliyin ən gözəl nümuməsidir.

Medium şinləri ilə 67 dövrə vurmuş Həmilton yarışdan sonra pitə getmək fikrinin olmadığını və şikayətlərinin rəqiblərini yanıltmaq üçün taktiki gediş olduğunu boynuna alıb. Yarışın startında liderliyini qoruyan britaniyalı tamamilə yeyilmiş şinlərlə Maks Ferstappenin hücum və təzyiqlərinə davam gətirərək Monakoda qələbəni əldə edib. Onunla birlikdə podiuma Sebastyan Fettel və Valtteri Bottas qalxıblar.

Əslində Mercedes komandasının Monakoda dubl etmək şansı olsa da, bu dəfə alman komandası italyansayağı taktiki səhvlər edib. Hər iki pilotunu Medium təkərlərinə keçirən Mercedes körpücüyü səhvini anlayaraq Bottası yenidən pitə çağırıb və onun şinlərini daha sərt Hard tərkibinə dəyişib. Lyuis isə, 2015-ci ildə Monakoda pit-stop ucbatında qələbəni əldən verməsini xatırlayaraq pitə yollanmayıb və yarışı Medium şinləri ilə davam etdirib. 

Arxa cərgələrdən start alan monakolu Şarl Lekler ötmələrin çətin olduğu Monakoda Norrisi və Qrojanı ötməyə müvəffəq olub. Lakin, Rascasse döngəsində Niko Hülkenberqi keçməyə çalışan Leklerin bolidi baryerlə təmas yaşayıb və arxa təkər deşilib. Bokslara doğru yolda dağılan arxa təkər  bolidi ciddi zədələyib. Lekler məcburi pit-stopdan sonra yarışa qayıtsa da, zədələnmiş bolid ona mübarizə aparmaq imkanı verməyib və Şarl yarışdan çəkilib.

Maks Ferstappen Həmiltona təzyiq göstərsə də, britaniyalını keçməyə müvəffəq olmayıb. Yarışın son dövrələrində Maksın tunelin çıxışında etdiyi hücum iki pilotun toqquşması ilə nəticələnib. Buna baxmayaraq hər iki pilot yarışı davam etdiriblər. Pit-stop zamanı təhlükəli çıxış səbəbindən 5 saniyəlik cəza almış Ferstappen yarışın protokolunda  Fettel və Bottası irəli buraxıb. O, finiş xəttini ikinci keçsə də, dördüncülük ilə qane olmaq məcburiyyətində qalıb.

Pyer Qasli də yaxşı yarışaraq ilk beşliyə daxil olmağı bacarıb. İkinci beşlikdə Karlos Sayns, Daniil Kvyat, Aleksandr Əlbon, Daniel Rikkardo və Romen Qrojan finiş görüblər.