Bazar günü mövsümün Yas Marinada keçirilmiş son yarışı altıqat dünya çempionu Lyuis Həmiltonun möhtəşəm qələbəsi ilə başa çatıb. Pouldan start almış Həmilton startdan finişə qədər liderlik edərək ən sürətli zaman imza atıb. Beləliklə, britaniyalı pilot çempionatı “Böyük dəbilqə” ilə başa vurub. Bu, Həmiltonun karyerasındakı altıncı “Böyük dəbilqədir”.
İlk üçlük finiş xəttini start aldığı ardıcıllıqla keçib. Podiuma Həmiltonla birlikdə Maks Ferstappen və Şarl Lekler qalxıb. Şarl Lekler ilk dövrədə Maks Ferstappeni keçsə də, Ferrari strateqlərinin seçdiki iki pit-stop strategiyası monakoluya ikinci yeri saxlamağa imkan verməyib. Şarl Maksdan 26 saniyə geridə finiş görərək, pilotlar birinciliyindəki üçüncü yeri rəqibinə verib.
Mühərrik dəyişikliyinə görə son sıradan start almış Valtteri Bottas yarışı dördüncü yerdə bitirməyə müvəffəq olub. Fin pilotun trekdə keçdiyi son pilot Aleksandr Əlbon olub. Fettel isə öz şansını ikinci pit-stopdan sonra itirib – hər iki rəqibini irəlu buraxan alman pilot yeni şinlərdə olmasına baxmayaraq, yalnız Əlbonu haqlayaraq keçib.
Lando Norris peletonun ortasında liderlik etsə də, sonunda Serxio Peresə keçilib. Meksikalı yenddinci yerdə finiş görüb. Pit-stopa gec yollanan Daniil Kvyat Lando Norrisin ardınca doqquzuncu olub. İlk onluğu Karlos Sayns tamamlayıb. İspan pilot son dövrədə F1 çempionatını tərk edən Niko Hülkenberqi keçib.