Lyuis Həmilton Daniel Rikkardo ilə bir komandada çıxış etməyin əleyhinə olmadığını bildirib. Lakin, o Rikkardoya əvvəlcə Maks Ferstappeni üstələməyi məsləhət görüb.

Xatırladaq ki, Ostində keçirilən həftəsonunda Rikkardo 2019-cu ildə Həmiltonla bir komandada mübarizə aparmağa hazır olduğunu bildirmişdi.

“Daniel - əla pilotdur. Mənin üçün onunla bir komandada çıxış etmək şərəfdir, - Autosport Həmiltondan sitat gətirib. – O çox maraqlı oğlandı və hər zaman pozitiv hisslər bəxş edir. Ümumiyyətlə, digər pilotların sənin ilə bir komandada çıxış etmək və mübarizə aparmaq istəklərini eşitmək xoşdur. Lakin, bu sözlərin hər zaman həqiqəti əks etdirmədiyini söyləmək gərəkdir. Müəyyən hallarda belə rəqabət xeyir gətirə və inkişafa təkan verə bilər.

Hazırda Danielin güclü rəqibi var və onu üstələmək üçün ciddi-cəhdlə işləməlidir. Şəxsən mən hesab edirəm ki, o əvvəlcə ən yaxın rəqibini üstələməli, sonra isə digər rəqiblər üzərində qələbə haqqında düşünməlidir”.