Amerikan Hennessey Performance yeni hiperkarı - Blackbird modelini təqdim edib. Venom GT və Venom F5 ilə sürət rekordlarına imza atmağı hədəfləyən şirkət bu dəfə fərqli yol seçib. Blackbird layihəsində əsas məqsəd maksimum güc deyil, sürücüyə daha saf və emosional idarəetmə təcrübəsi təqdim etməkdir.
Yeni modelin ürəyi Ilmor Engineering ilə birgə hazırlanmış 6,2 litrlik V8 atmosfer mühərrikidir. Aqreqat 800–850 at gücü hasil edir, 9000 dövr/dəqiqədən çox fırlanır, mühərriki gücü isə arxa oxa altıpilləli açıq mexaniki transmissiya vasitəsilə ötürülür. Şirkətin açıqladığı göstəricilərə görə, Blackbird 60 mil/saata (96 km/saat) sürətlənməni təxminən 2,5 saniyəyə yerinə yetirəcək, onun maksimal sürəti isə 220 mil/saat (354 km/saat) olacaq.
Yüksək dinamikanın əsas səbəbi təkcə mühərrik deyil. Karbondan hazırlanmış monokok və kuzov sayəsində avtomobilin çəkisinin 1360 kiloqramdan az olacağı gözlənilir. Adaptiv asqı və Michelin Pilot Sport Cup 2 şinləri isə həm trekdə, həm də adi yollarda dəqiq idarəetmə vəd edir.
Blackbird-ün salonu da müasir hiperkarlardan fərqlənir. Burada böyük sensorlu ekranlara yer verilməyib. Analoq cihazlar paneli, fiziki işəsalma açarı və açıq mexaniki ötürmə mexanizmi klassik idman avtomobillərinin ruhunu yaşadır. Eyni zamanda Hennessey gündəlik istifadəyə də diqqət yetirib: salonda baqaj üçün yer, dörd fincan tutacağı və yüksək keyfiyyətli dəri işləmələr mövcuddur.
Model adını dünyanın ən məşhur kəşfiyyat təyyarələrindən biri olan Lockheed SR-71 Blackbird-dən alıb. Aviasiyadan ilhamlanan dizayn elementləri, o cümlədən yüksək sürətdə açılan şaquli stabilizatorlar da bu əlaqəni vurğulayır. Cəmi 71 nüsxədə istehsal ediləcək Blackbird-ün başlanğıc qiyməti 2,5 milyon dollar olacaq. İstehsalın 2029-cu ildə başlaması planlaşdırılır və avtomobillərin üçdə ikisindən çoxuna artıq beh verildiyi bildirilib.
AUTOGRAPH NOTE
Hiperkar dünyasında son illər əsas diqqət daha çox güc, daha mürəkkəb elektron sistemlər və rekord sürətlərə yönəlib. Hennessey Blackbird isə fərqli fəlsəfə təklif edir: atmosfer tipli V8, mexaniki ötürmələr qutusu və analoq kokpit. Bu hiperkar rəqəmlərdən daha çox sürücünün hisslərinə üstünlük verən avtomobil kimi görünür.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









