Hal-hazırda Ford şirkətinin təklif etdiyi Mustang modelləri arasında ən güclüsü Shelby GT500 modelidir. “Bərkgedən” Mustang 770 at qüvvəsi və 847 Nm fırlanma anı istehsal edən 5,2-litrlik V8 mühərriki ilə hərəkətə gəlir.
Bununla belə, Hennessey atelyesinin mütəxəssisləri Mustang Shelby GT500 modelinin gücünü 1,5 dəfə artırmağı təklif edirlər. Atelye mütəxəssisləri 5,2-litrlik mühərrikin gücünü artırmaq üçün xüsusi Venom adlı proqramı hazırlayıblar. Venom 850 dəsti mühərrikin gücünü 850 at qüvvəsinə və 983 Nm-ə qədər artırmağa imkan verir. Venom 1000 dəsti isə, müvafiq olaraq, aqreqatın hasilatını 1000 at qüvvəsi və 1152 Nm artırmağa köməklik edir.
Lakin, ən son dəst daha maraqlıdır. Venom 1200 adlı dəst mühərrikin gücünü 1200 at qüvvəsinə, fırlanma anını isə 1356 Nm qədər yüksəltmək istəyənlərə ünvanlanıb. Bunun üçün mühərrik daha məhsuldar kompressor, təkmilləşdirilmiş çiləmə sistemi, gücləndirilmiş porşen və sürgü qolları, yeni interkuler və paslanmayan poladdan idman buraxılış sistemi ilə təchiz edilir.
Məlum məsələdir ki, artmış güc xarakteristikaları yeddi pilləli “robotun” da gücləndirilməsini və yenidən tənzimləməsini tələb edir. Bugatti Chiron hiperkarına meydan oxuyacaq Mustang modelini Hennessey loqotipləri və emblemləri, həmçinin salon və mühərrik bölümündə yerləşdirilmiş lövhəciklər sayəsində ayırd etmək olar. Bu lövhəciklərdə avtomobilin sıra nömrəsi və Con Hennessinin imzası həkk edilib.