Hennessey Performance Engineering atelyesinin Special Vehicles bölməsi Bugatti Chiron və Koenigsegg Jesko hiperkarlarına meydan oxuyacaq Venom F5 hiperkarının seriya versiyasını təqdim edib. Qiyməti 2,1 milyon dollar olan hiperkar 24 nüsxəlik tirajla istehsal ediləcəkdir. Hazır avtomobillərin müştərilərə çatdırılmasına 2021-ci ildə başlanacaqdır.
Venom F5 modeli iki turbokompressorlu 6,6-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatının hasilatı 1842 at qüvvəsi və 1617 Nm fırlanma anıdır. Atelye nümayəndələri bu mühərrikin bu günə qədər seriya avtomobilində quraşdırılan ən güclü aqreqat olduğunu iddia edirlər. Müqayisə üçün, Bugatti Chiron Super Sport 300+ modeli 1600 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən 8,0-litrlik W16 mühərriki, Koenigsegg Jesko isə 1600 at qüvvəsi və 1526 Nm fırlanma anına malik olan 5,0-litrlik V8 mühərriki ilə təchiz olunurlar.
Venom F5 modeli hərəkət elektronikasının beş iş rejiminə malikdir: Sport, Track, Drag, Wet və F5. Qeyd etmək lazımdır ki, mühərrikin maksimal gücü yalnız sonuncu rejimdə əlçatan olacaqdır. Mühərrik yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmə - arxa oxadır.
İlk "yüzlüyü" Venom F5 modeli üç saniyədən az müddətə toplayır. Hiperkara yerindən 200 km/saata qədər sürətlənməyə 4,7 saniyə, 300 km/saata qədər - 8,4 saniyə, 400 km/saata qədər sürətlənməyə isə15,5 saniyə gərəkdir. Hiperkarın maksimal sürətinin 512 km/saat olduğu bildirilib.
Arxa ötürməli kupe 86 kiloqram ağırlığında olan karbon monokokun ətrafında inşa edilib. Kupenin ümumi çəkisi 1360 kiloqramdır. Venom F5 modelinin aerodinamikasına gəldikdə isə , Hennessey onu “mükəmməl” adlandırır: kupe havalandırılan kapota, iri yan hava girişlərinə və ön splitterə malikdir.
Hiperkarın salon tərtibatında yalnız əsl dəridən və karbon lifindən istifadə olunur ki, bunların arasında oturacaq çərçivələri və şturval şəklində olan çoxfunksiyalı sükan çarxı da var. Bundan başqa, Venom F5 modeli Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyən, doqquz düymlük ekranı olan Alpine multimedia sistemi ilə təklif olunur. Sükan arxasında yeddi düymlük rəqəmsal cihazlar paneli quraşdırılıb.
Venom F5 hiperkarı, 2017-ci ildə təqdim olunan və Lotus Elise modelinin əsasında yaradılmış 1244 at qüvvəli Hennessey Venom GT hiperkarının davamçısıdır. Yaxın gələcəkdə şirkət hiperkarın qabiliyyətlərini sınamaq və onu maksimal sürətə çatdırmaq üçün NASA-nın Kennedi adına Kosmik Mərkəzinin uçuş zolağında sınaqdan keçirməyi planlaşdırır.