Hennessey atelyesi Dodge Challenger və Charger modelləri ilə vidalaşıb. Amerikan atelyesi bu hadisənin şərəfinə onların xüsusi Last Stand adlanan versiyasını buraxmaq qərarına gəlib. “Vida” seriyasından olan sedan və kupe təkmilləşdirilmiş 6,2-litrlik V8 mühərriki alıblar.
Təkmilləşdirilmələrdən sonra bu mühərrik 1028 at qüvvəsi və 1285 Nm fırlanma anı hasil edir. Bu, Dodge markasının çeşidindəki ən güclü model olan Challenger SRT Demon 170 kupesində olduğundan bir qədər azdır.
İkinci Dünya Müharibəsində iştirak etmiş amerikan göyərtə qırıcısının şərəfinə Hellcat adlandırılmış kompressorlu səkkizsilindrli HEMI 6.2 mühərrikinin həyat dövrü başa çatıb. Bu mühərrik Dodge Challenger/Charger SRT Hellcat, Durango SRT Hellcat, Jeep Grand Cherokee Trackhawk və Ram 1500 TRX modellərində, habelə ən infernal Challenger SRT Demon və SRT Demon 170 variantlarında quraşdırılıb.
Tünerlər mühərriki xüsusilə bəyəniblər. Məsələn, Hennessey studiyası ona Dodge Challenger və Charger SRT modellərinin hər biri əlli nüsxəlik tirajla buraxılacaq Last Stand ("Son Hüdud") adlı xüsusi versiyasını həsr edib.
Hennessey H1000 Last Stand kupe və sedanları yeni mexaniki kompressoru, şkivi, giriş sistemini, daha yüksək məhsuldarlıqlı yanacaq injektorlarını, paslanmayan poladdan hazırlanmış kollektorları, aşağı əks təzyilqli buraxılış və karterin havalandırması sistemini alıb. Nəticədə mühərrikin hasilatı 1028 at qüvvəsi və 1285 Nm fırlanma anı təşkil edir.
Təkmilləşdirmə hər iki modelə 60 mil/saat (97 km/saat) sürətini 2,8 saniyəyə yığmağa və ¼ mili 9,9 saniyəyə (sonda 227 km/saat) qət etməyə imkan verəcək. Challenger SRT Demon 170 kupesinin göstəriciləri belədir: 0-60 mil/saat - 1,66 saniyə, ¼ mil - 8,91 saniyə.
Vizual olaraq Hennessey avtomobilləri kuzov dəstinin karbondan hazırlanmış elementləri: arxa spoyler, ön splitter, yan ətəklər və diffuzor ilə seçiləcək. 20 düymlük təkər disklərini parlaq qara və ya qrafit rəngində sifariş etmək olar.
Bundan başqa, avtomobilləri xüsusi stikerlər və avtomobilin seriya nömrəsini göstərən lövhə ilə təchiz etmək mümkündür. H1000 Last Stand paketi yalnız 2021-2023 model ilinin Challenger və Charger üçün təklif olunacaq. Qiymətlər hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.