Hennessey Special Vehicle şirkəti Venom F5 hiperkarının üslubunda qol saatı buraxıb. Xronoqraf Parisdə yerləşən Skeleton Concept atelyesi tərəfindən Rolex Cosmograph Daytona modelinin əsasında yaradılıb. Xronoqraf sapfirdən korpusa, seçilən taximetrik şkalası olan karbonplastik bezelə və onunla cütlük təşkil edəcək 24 hiperkardan birinin rəngində qolbağına sahib olacaq. Xronoqrafın qiyməti 200 min dollar təşkil edir.
Artıq yuxarıda qeyd etdiyimiz kimi, məhdud sayda buraxılacaq Hennessey Venom F5 Concept xronoqrafı Skeleton Concept saat atelyesi ilə birgə yaradılıb. Burada “manufaktura” deyil “atelye” kəlməsinin işlədilməsi təsadüfi deyil. Sceleton Concept şirkəti saatların istehsalı ilə deyil, yalnız onların dərin fərdiləşdirilməsi ilə məşğul olur. Odur ki, Hennessey xronoqrafının əsası kimi məşhur Rolex Cosmograph Daytona modelinin götürülməsində təəccüblü bir şey yoxdur.
Skeleton Concept mütəxəssisləri xronoqrafı hiperkara bənzətmək məqsədi ilə, onun üçün xüsusi sapfir korpus hazırlayıblar. Şüşə alüminium oksidinin yüksək temperaturda əridilməsi yolu ilə əldə edilir, sonra isə onu xüsusi kristala çeviriblər. Alınmış parçanı bir ay ərzində beş oxlu torna dəzgahında emal edirlər. Hazır detalı tam şəffaflığa qədər cilalayaraq, onun üzərinə bərq vurmayan örtüyü çəkirlər.
Xronoqrafın bezeli orijinal Cosmograph Daytona modelində olduğu kimi keramikadan deyil, karbonplastikdən hazırlanır. Taximetr şkalası orta sürəti 400 km/saat həddinə qədər ölçməyə imkan verir. Burulan düymələr toxunma hissiyatı baxımından Venom F5 hiperkarının sükan çarxına bənzəməlidirlər. Hər bir xronoqraf, cütlük təşkil etdiyi hiperkarın rəngində olan, habelə onun şassi nömrəsi və “The American Dream Never Sleeps” yazısı həkk olunmuş qayış ilə təchiz edilir.
Buraxılacaq xronoqrafların sayı açıqlanmayıb. Çox güman ki, onların sayı Venom F5 hiperkarları ilə eyni olacaqdır - 24 ədəd. Xronoqrafın qiyməti 200.000 dollardır. Venom F5 üçün tələb edilən 2.100.000 dolların fonunda bu məbləğ o qədər də böyük görünmür.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.