Avtomobil dünyasında dizayner və iş adamı kimi məşhur olan Henrik Fisker özünün rəsmi Twitter səhifəsində EMotion modelinin təqdim ediləcəyi tarixi açıqlamışdır. Fisker EMotion modelinin ilk rəsmi nümayişi 17 avqust tarixində keçiriləcəkdir .
Elektrik mühərriki ilə hərəkətə gələn avtomobilin yürüş məsafəsi 645 kilometr olacaqdır. İstehsalçı avtomobilin maksimal sürətinin 250 km/saat olduğunu bildirmişdir. Bununla belə, Fisker yeni modelin texniki tərəfi barədə heç bir məlumat təqdim etməmişdir. O, yalnız EMotion modelinin arxa sərnişinlərin ayaq zonasında istənilən qədər məsafə təklif etdiyini və “sahibi ilə güclü emosional bağlantısının olduğunu” bildirmişdir. Bundan əvvəl avtomobilin “kəpənək qanadları” formalı qapılarla, işıqdiodlarından fənərlərlə, həmçinin avtonom idarəetmə sistemi üçün nəzərdə tutlmuş radar və kameralarla təchiz ediləcəyi söylənilmişdi.
Aston Martin DB9 və BMW Z8 modellərinin yaradıcısı olan Henrik Fiskerin yeni avtomobil istehsalçısının təsis etdiyi barəda məlumat oktyabr ayında səsləndirilmişdir. Bildiyimiz kimi o əvvəllər, Fisker Automotive şirkətinin yaradıcısı olmuşdur. 2014-cü ildə şirkət əl dəyişdirərək Çinin Wanxiang Group'na keçmişdir və Karma Automotive adını almışdır. İş adamının yeni yaratdığı və sırf elektromobillər üzrə ixtisaslaşan şirkət Fisker İnc. Adlanır. Yeni şirkətin tərkib hissəsi olan Fisker Nanotech batareyaların hazırlanması ilə məşğul olur. Şirkət artıq, əsasını litium təşkil edən və analoqlarından fərqlənən yeni tip akkumulyatorları hazırlamışdır.