Yeni nəsil Golf modelinin təqdimatı zamanı Volkswagen konserninin rəhbəri Herbert Diss ilə jurnalistlər arasında gərgin anlar yaşanıb. Automotive News nəşrinin bildirdiyinə görə, söhbət zamanı jurnalistlər Dissə Tesla şirkətinin maliyyə problemlərinin şirkətin kiçik olması ilə bağlı olub-olmaması barədə sual veriblər.

Suala cavab verən şirkət rəhbəri hirslənərək kəskin şəkildə Tesla şirkətini “kiçik” saymadığını bildirib. “Model 3 iri seriya ilə buraxılan avtomobildir. Bundan başqa, Tesla elektromobillər üçün akkumulyator batareyalarını buraxlan iri istehsalçılardan biridir. Biz Tesla şirkətinə ciddi yanaşdığımız rəqib kimi böyük hörmət bəsləyirik”, - Diss qeyd edib.

Bir ay bundan öncə, Tesla şirkətinin icraçı direktoru İlon Mask öz tvitində Herbert Dissin ünvanına xoş sözlər yazıb. O, alman şirkətinin rəhbərinin digər iri avtomobil istehsalçılarının rəhbərləri ilə müqayisədə elektrikləşmə üçün daha çox iş görüdüyünü və onu dəstəklədiyini bildirib.

Rəqib olan iki şirkətin rəhbərlərinin qarşılıqlı iltifatının nə ilə nəticələnəyicini söyləmək çətindir. Lakin, xatırladaq ki, 2017-ci ildə məhz Diss Volkswagen şirkətinin “Tesla-nı dayandıracağını” bildirmişdi. O, alman şirkətinin amerikanlarda olmayan imkanlara sahib olduğunu da söyləmişdi.