Maserati avtomobil istehsalından kənara çıxaraq daşınmaz əmlak sektoruna daxil olur. İtaliya markası Dubayın sahillərində, The World Islands arxipelaqında Maserati Island adlı lüks yaşayış layihəsini təqdim edib. Samana Collecta şirkəti ilə birgə həyata keçirilən layihəyə 840 yaşayış sahəsi daxil olacaq. İlk evlərin 2030-cu ildən etibarən təhvil verilməsi planlaşdırılır.
Layihə üç növ yaşayış sahəsini əhatə edir: brend mənzillər, yeddi su villası və iki ağac evi. İlk mərhələdə fərdi hovuzlarla təchiz edilmiş 232 mənzilin satışa çıxarılması nəzərdə tutulur. Mənzillər studiya tipindən dörd yataq otağı olan geniş yaşayış sahələrinədək müxtəlif variantlarda təklif ediləcək.
Bütün mənzillər dəniz mənzərəsi, geniş şüşələnmə və açıq planlı interyerlərlə fərqlənəcək. İnteryerlərdə 2025-ci ildə təqdim edilmiş Giorgetti Maserati Edition kolleksiyasının mebellərindən istifadə olunacaq.
Maserati Island sakinləri üçün mərkəzi laquna, özəl çimərliklər, çimərlik klubu, sağlamlıq və fitnes mərkəzləri, su idmanları üçün marina yaradılacaq. Layihənin ən maraqlı xüsusiyyətlərindən biri isə sahildən kənarda lövbər salacaq üzən italyan restoranı olacaq.
Bundan başqa, uzaqdan işləyən sakinlər üçün yüksək sürətli internetlə təchiz edilmiş biznes və kovorkinq məkanları da nəzərdə tutulub.
Adanın materiklə əlaqəsi körpü vasitəsilə deyil, yaxtalarla təmin ediləcək. Layihənin tərtibatçıları hər 30 dəqiqədən bir hərəkət edəcək yaxta-şattl xidmətinin yaradılmasını planlaşdırırlar. Lakin Dubay sahilindəki dayanacaqların yeri hələlik açıqlanmayıb.
Mənzillərin qiymətləri və satışların başlanma tarixi barədə məlumat verilməyib. İlk yaşayış sahələrinin 2030-cu ildən təhvil verilməsi nəzərdə tutulur.
Maserati Island layihəsi markanın avtomobillərdən kənarda lüks həyat tərzi yaratmaq strategiyasının yeni mərhələsidir. Şirkət bununla özünün yüzillik tarixini və Trident emblemini təkcə avtomobillərdə deyil, yaşayış və istirahət məkanlarında da tətbiq etməyə çalışır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.











