Dünyanın avtomobil kirayəsi üzrə ən böyük operatoru olan Amerikanın Hertz şirkəti, müflis olduğunu elan edib. Şirkət 1918-ci ildə qurulub, onun ilk avtomobil parkı çoxlu sayda Ford T avtomobillərindən ibarət olub. Böyük Depressiyanı, İkinci Dünya Müharibəsini, neft və maliyyə böhranlarını yaşamış nəhəng şirkət, qlobal koronavirus pandemiyasına təslim olub.
2020-ci ilin əvvəlinə olan məlumata görə, Hertz şirkəti dünya üzrə 568 minlik avtomobil parkına və 12.400 çatdırılma nöqtəsinə (franşiza da daxil olmaqla) malikdir. Onların üçdə biri hava limanlarında yerləşir və konsernin əsas gəlirlərinin üçdə ikisini gətirirdilər. Lakin pandemiya və sərhədlərin bağlanması, turizm və ezamiyyətləri praktiki olaraq heçə endirib. Nəticədə, şirkətin xidmətlərinə olan tələbat da azalaraq, demək olar ki, sıfıra bərabər olub. Məlum məsələdir ki, pul axını dayanıb.
Bundan əlavə, Hertz şirkəti bu böhrana acınacaqlı maliyyə vəziyyətində yaxınlaşıb: 2018-ci ildə şirkətin itkisi 225 milyon dollar, 2019-cu ildə 58 milyon dollar olub. 2020-ci ilin birinci rübündə isə, Hertz 356 milyon dollar itirib. İlin əvvəlindən bəri kirayə operatorunun səhmlərinin dəyəri 82% düşüb. CNN kanalının məlumatına görə, şirkətin cari borclarını ödəmək üçün 18,8 milyard dollar vəsaitə ehtiyacı var. Bunlardan 14,4 milyardının boş dayanmış avtomobillər ilə təmin edilməsinə baxmayaraq, hazırda onları satışa çıxarmaq mümkün deyil.
Baharın əvvəlindən bəri, Hertz kreditorlarla danışıqlar aparsa da, onlarla razılığa gələ bilməyib və şirkət müflis olduğunu elan etmək məcburiyyətində qalıb. Bununla birlikdə, şirkətin fəaliyyəti tamamilə dayandıracağı barədə söhbət getmir: şirkət rəhbərliyi yenidənqurma tədbirlərini həyata keçirib və işi davam etdirməyi düşünürlər. Buna baxmayaraq, dünya üzrə 38 min əməkdaşdan 12 mini artıq işdən çıxarıldığı barədə bildiriş alıb, daha dörd min nəfər isə qeyri-müəyyən müddətə məzuniyyətə göndəriliblər.