Mercedes-Benz şirkəti özünün ən yığcam modeli olan A-Class hetçbekinin dördüncü nəslini təqdim edib.
Yeni A-Class alman istehsalçısının yeni firma üslubunda dizayn edilən ikinci modelidir. Bildiyimiz kimi, yeni dizayn üslubu ilk dəfə bir müddət bundan öncə təqdim edilən CLS-Class modelində debüt edib. Çəp formalı ön fənərlər və kuzovun hamar yan tərəfləri - yeni üslubun elementlərindəndir. A-Class modelinin arxa fənərləri də öxünəməxsus dizayna malikdirlər. Hetçbek sələfinə nisbətən 120 millimetr uzun olub.
Bununle belə, avtomobilin enində və hündürlüyündə ciddi artım yoxdur - müvafiq olaraq 16 və 7 millimetr. Avtomobilin təkər bazası isə 30 millimetr artıb. Hetçbekin kuzovunun strukturunda yüksək sərtlikli poladdan hazırlanan elementlərin sayı ciddi şəkildə artıb. Onun mühərrik bölümünün əksər hissəsi isə plastikdən hazırlanıb. Bu səbəbdən də hetçbekin çəkisini əvvəlki səviyyədə qoruyub-saxlamaq mümkün olub.
Mercedes-Benz A-Class üç təchizat variantında təklif ediləcəkdir: Style, Progressive və AMG-Line. Sonuncu variant üçün Night dəsti də sifariş etmək olar. Ağ rəngli avtomobil məhz bu dəstə sahibdir. Boz tutqun rəngli model isə Edition 1-dir.
Hetçbekin interyeri tamamilə yenilənib. Yeni A-Class böyük qardaşlarının üslubunda genişformatlı panelə malik olub. Üstəlik, bebi-Benzdə bu konstruksiya günlükdən və analoq cihazlarından məhrum olub. Bəli, A-Class cihazlar paneli yalnız rəqəmsal olacaqdır. Standart olaraq avtomobil iki yeddi düymlük ekrana malik olacaqdır. Orta təchizat səviyyəsinə malik olan modellərdə multimedia sistemi 10,25-düymlük ekrana malik olacaqdır. Ən bahalı modifikasiyalarda isə hər iki ekran 10,25-düymlük olacaqdır.
Hey, Mercedes! komandası ilə canlanan multimedia sistemi MBUX (Mercedes-Benz User eXperience) adlanır və tamamilə yeni menyuya, genişləndirilmiş funksionallığa və sensorlu displeyə malikdirlər. Nəhayət ki, sürücünün əlinin altındakı multimedia sisteminin pultuna üstünlük verən Mercedes mühəndisləri daşları ətəklərindən töküb sensorlu displeyi quraşdırıblar. Doğrudur, bu displey opsiya olaraq təklif edilir. Sükan çarxı da sensorlu panellər ilə təklif edilir.
Mercedes-Benz A-Class AMG-Line Night Package.
Yaradıcıları yeni A-Class modelinin daha geniş salona malik olduğunu iddia edirlər. Sürücünün görüş zonası da 10% artırılıbdır. Bu ön panelin yeni arxitekturası və nazik formalı ön dayaqlar sayəsində mümkün olubdur. Avtomobilin salonunun işıqlandırılması 12-dən 64-ə qədər artırılıb. Buraya havalandırma sisteminin deflektorlarının işıqlandırılması da daxildir. Üstəlik, yeni hetçbek opsional olaraq multikonturlu (pnevmokameralı, havalandırmalı və massaj funksiyası olan) oturacaqlarla təklif edilir.
Arxa oturacağın kürək hissəsi tənzimlənir, həmçinin iki (60:40) və ya üç yerə (40:20:40) bölünə bilir. Avtomobilin inşa edildiyi MFA platforması da təkmilləşdirilib, onun təkər izi 13 millimter genişləndirilib. A-Class modelinin zəif modifikasiyaları yarımüstəqil arxa asqıya malik olacaqdırlar. Çoxqollu arxa müstəqil asqı isə 200 at qüvvəsi üzərində gücü olan modifikasiyalar üçün əlçatan olacaqdır. Həmişəki kimi idman asqısını ( - 15 millimetr) və adaptiv amortizatorları sifariş etmək mümkündür.
Mercedes-Benz A-Class Edition 1
İlkin olaraq, yeni A-Class üç mühərrik ilə təklif ediləcəkdir. A 180 d modifikasiyası 116 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən 1,5-litrlik Renault mühərriki ilə təchiz olunacaqdır. Mercedes-Benz A 200 modifikasiyası Renault şirkəti ilə birlikdə hazırlanmış yeni 1,3-litrlik dörd silindrli turbimühərrik ilə hərəkətə gəlir. Bu mühərrik 163 at qüvvəsinə və 250 Nm fırlanma anına malikdir.
Nəhayət Mercedes-Benz A 250 modeli M260 indeksli 2,0-litrlik turbomühərriklə təchiz ediləcəkdir. Bu E-Class modelində təklif edilən M264 mühərrikinin bir növüdür - hibrid əlavədən məhrum olan mühərrik 224 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. Bu mühərrik 7G-DCT təkmilləşdirilmiş robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Kiçik modifikasiyalar üçün Getrag firması bənzər qutu hazırlayıb - yeddi pilləyə və iki yaş muftaya malik olan qutu yığcam ölçüsü və yüngül çəkisi ilə fərqlənir.
Altı pilləli mexaniki qutu yalnız A 200 modifikasiyası üçün əlçatandır. Opsional olaraq tam çəkiş sistemi də təklif ediləcəkdir. Bu sustem daha çevik elektrik aktuatora malikdir ki, bu da arxa oxun qoşulmasını daha yeyin edib.
Multimedia sisteminin yeni taçpadı
Yeni hetçbekin təchizatına 210 km/saat həddinədə işləyə bilən avtopilot sistemi daxil edilib. A-Class öndə gedən avtomobillə ara məsafəsini saxlaya, sürücü dönmə işığını yandırarsa sərbəst şəkildə zolağı dəyişə bilər. 130 km/saat sürətində sistem yol nişanları olmadan, yolun kənarları bə başqa avtomobillər ilə səmtləşərək çalışa bilər.
Yeni Mercedes-Benz A-Class modelinə sifarişlər mart ayından başlanaraq qəbul ediləcəkdir. Satışlara yazın sonunda start veriləcəkdir.
Yaxın zamanlarda iki bərkgedən AMG modelləri, Pekində keçiriləcək avtosalonda isə A-Class sedan təqdim ediləcəkdir.