Jeep şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş Wrangler 4xe hibridini təqdim edib. 380 at qüvvəsinə malik olan ofrouder sırf elektrik enerjisi ilə 50 kilometr yol qət edə bilər. Hibrid ofrouderin Avropadakı satışlarına iyun ayında başlanacaqdır.
Jeep Wrangler 4xe modelinin güc qurğusu 272 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli benzin turbomühərrikinə əsaslanır. Turbomühərrik iki elektrik mühərriki ilə tandemdə çalışır: 45 at qüvvəsi və 53 Nm fırlanma anına malik olan startyor-generator və səkkiz pilləli avtomatik ötürmələr qutusuna inteqrasiya edilmiş 136 at qüvvəli elektrik mühərriki. Güc qurğusunun ümumi hasilatı 381 at qüvvəsi və 637 Nm fırlanma anı təşkil edir.
Ofrouderin Selec-Trac (və ya Rock-Trac) tam ötürmə sistemi, Dana körpüləri, elektron kilidi olan Tru-Lok differensialları, yüksək sürtünməli Trac-Lok differensialı və elektrik ötürməsi ilə ayrılan köndələn dayanıqlılıq stabilizatoru təchiz ediləcəyi bildirilib.
Avropalılara üç versiya seçimi təklif ediləcək: Sahara, Rubicon və amerikan markasının 80 illiyinə həsr olunmuş 80th Anniversary.
Təchizat səviyyəsindən asılı olaraq, Wrangler 4xe modeli multimedia sisteminin 8,4-düymlük ekranı, doqquz dinamiki və subvuferi olan Alpine səs sistemi, kor zonalara nəzarət sistemi, elektron stabilləşdirmə sistemi, parkinq köməkçisi, açarsız giriş və mühərrikin məsafədən işə salınması funksiyası, habelə adaptiv kruiz-kontrol ilə təchiz edilə bilər.
Avropada satılacaq Jeep Wrangler 4xe modelinin qiymətləri hələlik açıqlanmayıb.