Human Horizons şirkəti futuristik HiPhi Z elektrik qran tureri üzərindəki sirr pərdəsini tamamilə götürüb. O, ikimühərrikli elektrik güc qurğusunu, 120 kilovat-saatlıq batareyanı, 34 vericisi və lidar olan avtopilotu, həmçinin intellektual işıq kommunikasiyası və qapıların açılması sistemlərini əldə edib. Bundan başqa, avtomobildə dünyada ilk dəfə olaraq robotlaşdırılmış manipulyatorla təchiz olunmuş virtual HiPhi Bot köməkçisi yerləşdirilib.

HiPhi X krossoveri kimi, HiPhi Z qran tureri də 800 voltluq arxitekturaya malik Human Oriented Architecture (HOA) platformasından istifadə edir. Ön tərəfdə ikiqat köndələn qolları, arxa tərəfdə isə beş qolu olan asqı var. Elektron idarəolunan amortizatorlara malik olan pnevmoasqı və tam idarələnən şassi də var. Sonuncunun aktuatorları təkərləri istənilən istiqamətdə 13,2 dərəcə döndərir ki, bu da beş metrlik avtomobili MINI Cooper kimi manevrli edir.

HiPhi Z modelinin güc qurğusu iki elektrik mühərrikindən və 120 kilovat-saatlıq maye ilə soyudulan batareyadan ibarətdir. Tutumu yaxşılaşdırmaq və enerji sıxlığını artırmaq üçün akkumulyator hüceyrələri bir bloka (CTP texnologiyası, Cell-to-Pack) yığılıblar.

Elektromobil 100 km/saat həddini 3,8 saniyəyə toplayır və Çin CLTC standartına uyğun olaraq enerji doldurmadan 705 kilometr qət edə bilir. HiPhi X modelinin müvafiq göstəriciləri 3,9 saniyə və 644 kilometrdir.

Maraqlı bir detal: HiPhi Z modelində ilk dəfə olaraq bütün kuzov boyunca 4066 fərdi işıqdiodunu özündə birləşdirən Star-Ring ISD adlı “işıq pərdəsindən” istifadə olunur. Onların köməyi ilə avtomobil sərnişinlər, sürücü və ətraf  ilə əlaqə saxlayır.

Elektromobilin qapıları UWB texnologiyasına əsaslanan ağıllı açılış sistemi ilə təchiz edilib. Sistem 10 santimetrə qədər dəqiqliklə açarlıq, insan və ya başqa avtomobilin yerini müəyyən edə, habelə servoötürücüləri istələn sürətə və açılma bucağına görə tənizmləyə bilir.

HiPhi həmçinin öndəki aktiv qapaqlara və tənzimlənən arxa spoylere malikdir. Avtomobildə, dörd sərbəstlik dərəcəsinə və 0,001 millimetrə qədər mövqeləndirməyə malik olan robotlaşdırılmış manipulyator ilə təchiz edilmiş süni intellektli HiPhi Bot avatarı yaşayır.

Bundan əlavə, stereoskopik effekti olan ətraf işıqlandırması və iki səviyyəli çıxış gücü olan 23 dinamikli Meridian səs sistemi var: 10 faizlik qeyri-xətti təhrif əmsalı (QTƏ) ilə 2820 vatt və ya 1 faizlik QTƏ ilə 1920 vatt. Oturacaqlar nappa dərisi və Ultrasuede süni zamşa ilə üzlənib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

HiPhi Z avtopilotu 34 verici və lidar malikdir, onun altı mikroprosessor blokunun hamısı təkrarlanır - onlar hesablamalar, ətrafdakı reallığın qavranılması, rabitə, əyləcləmə, sükan idarəetməsini və enerji təchizatı üçün cavabdehdirlər. NVIDIA Orin X çipi məlumatların emalı və təhlilinə cavabdehdir, elektromobilin bütün multimediası QNX Neutrino real vaxt rejimi əməliyyat sistemində işləyir.

İyulun 6-dan etibarən HiPhi Z Çinin Şençjen şəhərində ictimaiyyətə nümayiş etdiriləcəkdir. Şirkət avqustda keçiriləcək Çendu avtosalonunda modelin bazara çıxma vaxtını açıqlamağa söz verib. Qiymətlər artıq məlumdur - 89 min dollardan 129 min dollara qədər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.