Nissan GT-R layihəsinin baş meneceri Hiroşi Tamura, idman avtomobilinin rəqabət üstünlüklərindən birinin 13 il ərzində prinsipial yenilənmələrin aparılmamasının olduğunu bildirib. Tamura, konstruksiyanın dəyişilməzliyinin şirkətə GT-R modelinin qiymətlərini aşağı səviyyədə saxlamağa imkan verdiyini söyləyib.
Hiroshi Tamura Nissan şirkətinin idman avtomobillərinin yaradılmasına konservativ yanaşmanı davam etdirəcəyini və beləliklə yapon sportkarlarının istehlakçılar üçün hər zaman əlçatan olacaqlarını bildirib.
Tamura, Nissan şirkətinin bu sahədə uzunillik təcrübəyə malik olduğunu vurğulayıb və misal olaraq, Skyline R32 və R34 modellərinin "fundamental platformasının" dəyişilməz qaldığını göstərib: ilk model 1980-ci illərin sonlarında debüt edib, ikinci isə 2000-ci illərin əvvəllərinə qədər istehsal edilib.
Nissan GT-R R35 prototipinin təqdimatı 2005-ci ildə baş tutub, istehsal versiyası isə 2007-ci ildə debüt edib. 13 il ərzində konveyer xəttində olan model bir neçə restaylinqdən keçib. Bu anda, 570 at qüvvəsinə sahib olan Nissan GT-R modeli, eyni gücə malik olan Porsche 911 Turbo S (991.2) modelndən iki dəfə ucuzdur. ABŞ-da yapon idman avtomobilinin qiyməti 113,5 min dollardan başlayır, alman kupesinin qiyməti isə ən az 192 min dollardır.
Nissan şirkəti modelin uzunömrlülüyündə pozitiv axtarmağa çalışsa da, GT-R sportkarının satışları aşağı düşür: məsələn, 2019-cu ildə Yaponiyada 766 idman avtomobili alıcısını tapıb ki, bu da 2017-ci ildə olduğundan 26% azdır. ABŞ-dakı satışları da eyni dövr üzrə 43% azalıb.
Yeni nəsil GT-R və başqa bir "uzunömürlü" sportkar - Z-seriyasından olan kupe üzərində işlərə artıq start verilib. Bununla birlikdə, yapon şirkəti yeni modellər barədə ətraflı məlumat vermir, mətbuatda isə, gələcək idman avtomobillərinin arxitekturası və satışa çıxma tarixi barədə ziddiyyətli məlumatlar dərc edilir.
Mənbə: CNET