Tarixi marka olan Hispano Suiza dirçəldilməyə yaxındır. Şirkət nümayəndələri gələn ilin martında keçiriləcək Cenevrə avtosalonunda yeni modeli təqdim edəcəyini bəyan ediblər. Onlar bu avtomobilin elektrik güc aqreqatı ilə hərəkətə gəldiyini də bildiriblər.
XX əsrin əvvəllərində Hispano Suiza markası altında dəbdəbəli avtomobillər və aviasiya mühərrikləri buraxılıb. Dərc edilmiş tizerdən də göründüyü kimi, yeni Hispano Suiza iri kapotu, salonu və baqaj bölümü olan retro üslubunda dizayn edilmiş sedandır. Hispano Suiza markasının banisinin nəticəsi olan Migel Suke Mateu ispan firmasının 1900-cu ildə elektromobilin prototipini hazırladığını, lakin bu modelin seriyaya getmədiyini bildirib. 119 il keçdikdən sonra firma bu çatışmamazlığı aradan qaldırmaq niyyətindədir.
Qeyd etmək lazımdır ki, Hispano Suiza firmasının ən maraqlı ixtiralarından biri polad gilizləri olan tökmə alüminiumdan hazırlanmış silindr blokunun tətbiqidir. Belə mühərrik tamamilə poladdan hazırlanmış mühərrikdən daha yüngül idi. İspaniyalılar eyni üsulla sıralı altı silindrli, V6 və V8 mühərriklərini də hazırlayırdılar.
Xatırladaq ki, 2010-cu ildə markanı dirçəltmək cəhdi olub. İspan markası Audi R8 modelinin bazasında inşa olunmuş, 740 at qüvvəsi hasil edən 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gələn sportkarı nümayiş etdirmişdir.