Bu gün Hokkenhaymrinqdə keçirilən 17-ci yarışının qalibi Audi komandasının britaniyalı pilotu Ceymi Qrin olub. Mayk Rokenfellerin möhtəşəm çıxışı nəticəsində Audi komandası növbəti dubla imza atıb.
Yarışın başlanğıcında pouldan start alan Timo Qlok (BMW) yerini qorysa da, Maksim Marten (BMW) Ceymi Qrinin təzyiqlərinə davam gətirməyib: britaniyalı pilot belçikalını geridə qoyaraq Qloku təqib etməyə başlayıb. Qrindən fərqli olaraq onunla bir cərgədən start alan Rene Rast Edoardo Mortaranı (Mercedes) ilə buraxıb. Çempionatın lideri Mattias Ekstrem də (Audi) startda Paffettə (Mercedes) keçilib.
Yarış ümumilikdə qəzasız keçib, lakin çoxlu sayda ötmələr də qeydə alınıb.
Yarışın yeddinci dövrəsində Qloka hücuma keçən Ceymi Qrin alman pilotu arxada qoyub və liderliyə yüksəlib. Liderlər arasında pit-stopa ilk yollanan pilot Mattias Ekstrem olub. Lakin, erkən pit-stop isveç pilota heç də uğur gətirməyib.
Pit-stoplardan sonra yarışa rəng qatan Audi komandasının alman pilotu Mayk Rokenfeller olub. Peletonda ən gec pitə yollanan Rokenfeller yarışın sonlarına doğru aktivləşib. Hər kəsdən sürətli olan Rokki əvvəlcə Robert Uikkenzi (Mercedes), sonra isə Rene Rastı (Audi) və Edoardo Mortaranı (Mercedes) geridə qoyub.
Üçüncü yerdə yarışı davam etdirən Maksim Marteni (BMW) arxada qoyan Rokki üçüncülüklə kifayətlənməyərək, ikinci yerdə olan Qloka çatmaq üçün irəli atılıb. Yarışın son dövrəsində həmyerlisini haqlayan Rokenfeller ikinciliyi onun əlindən alıb və Audi komandasının dubluna imza atıb.
Beləliklə, bu günki yarışdan xalsız ayrılan Mattias Ekstremin rəqibləri ona daha da yaxınlaşıblar. Çempionatın lideri ilə ikinci olan Ceymi Qrini 9 xal ayırır. Rene Rast isə liderdən 13 xal geridədir. Mayk Rokenfellerin də çempionluq şansı vardır - o, liderdən 20 xal geridə qalır. Sabahkı yarış bu mövsümün çempionunu müəyyən edəcəkdir.
Bu gün keçirilmiş yarışdan sonra Audi markalar çempionatında qələbəsini bayram edib. Komandalar çempionatında da qalib müəyyən edilib - bu Audi Sport Team Rosberg komandasıdır.