Bu gün Hokkenhaymrinqdə keçirilimiş ikinci sərbəst yürüşlərə yenidən Mayk Rokenfeller başçılıq edib. Alman pilot dövrəni 1.30.849 zamanla başa vuraraq liderliyə yüksəlib.

Dünən olduğu kimi, Rokenfelleri komanda yoldaşları Ceymi Qrin, Niko Müller və Mattias Ekstrem təqib ediblər. Digər markaları təmsil edən pilotlar arasında ən sürətli pilot Mercedes komandasının şotland pilotu Pol di Resta olub. Pol sərbəst yürüşlərin bitməsinə iki dəqiqə qalmış Audi pilotu Rene Rastı üstələməyə müvəffəq olub. 

İkinci sərbəst yürüşlərdə Audi pilotları arasında ilk onluğa düşməyən yeganə pilot Loik Dyüval olub. 17-ci nəticəni göstərmiş pilot Audi RS 5 DTM avtomobili ilə «dil tapmaqda» çətinlik çəkir. Münhen təmsilçiləri də bu yürüşlərdə parlaq çıxışla yadda qalmayıblar. İlk onluğa daxil olmağı bacaran yeganə BMW pilotu doqquzuncu nəticəni göstərən Maksim Marten olub. 

İlk onluq demək olar ki, tamamilə Audi və Mercedes pilotlarından ibarət olub. Robert Uikkenz və Edoardo Mortara müvafiq olaraq yeddinci və səkkizinci, bu yaxınlarda evlənən Maro Engel isə onuncu olub. Çempionluğa namizəd olan Lukas Auer isə yalnız 16-cı nəticəni göstərib. Qüvvədə olan dünya çempionu Marko Vittmann da 12-ci nəticəyə imza atıb.