DTM çempionatının Hokkenhaymrinqdə keçiriləcək 17-ci yarışının start düzülüşünu müəyyən edən təsnifat mərhələsi BMW komandasının alman pilotu Timo Qlokun poulu qazanması ilə nəticələnib.
Keçmiş Formula 1 pilotu sıralama sessiyasının son dəqiqəsində Hokkenhaymrinqdəki dövrəni 1.30,648 zamanla başa vuraraq bu günki yarışda poludan start almaq hüququnu əldə edib. Qlokun komanda yoldaşı belçikalı Maksim Marten də uğurlu çıxış edib. Bu gün keçirləcək yarışda belçikalı pilot Qlokla bilrikdə ilk sıradan start alacaqdır.
İkinci sıra bütovlüklə Audi pilotlarına qismət olub. Sıralamalarda hökmüranlıq edən İnqolştat təmsilçiləri Münhendən olan rəqiblərini üstələyə bilməyiblər. Nəticədə Ceymi Qrin və Rene Rast yarışı ikinci cərgədən başlayacaqdırlar. Üçüncü sıradan yarışı başlayacaq pilotlar isə, Mercedes pilotları Edoardo Mortara və Roberts Uikkenz olacaqdırlar.
Cümə və şənbə günü keçirilmiş sərbəst yürüşlərdə liderlik edən Mayk Rokenfeller (Audi) dördüncü cərgəni Marko Vittmannla (BMW) bölüşüb. İlk onluğu tamamlayan pilotlar Niko Müller və Mattias Ekstrem (hər ikisi Audi) olublar. Sıralama sessiyası hadisəsiz də ötüşməyib. Sessiaynın ilk dəqiqələrində Mayk Rokenfeller və Edoardo Mortara arasında gərgin anlar yaşanıb.
İtalyan pilot alman pilotu ötməyə çalışsa da Rokki buna imkan verməyib və Edoardonun əsəbləşərək küfr etməsinə səbəb olub. Bu gün keçirilən yarışda pilotlar çempionatında titulun taleyi həll edilməsi şansı da mövcuddur. Hər şey çempionata liderlik edən Mattias Ekstremdən asılıdır - ona ən yaxın rəqibi ilə arasında olan xal fərqini 28 xal çatdırmaq kifayətdir.