Bu gün Hokkenhaymrinqdə keçirilən üçüncü sərbəst yürüşlərin ən sürətli pilotu BMW pilotu Maksim Marten olmuşdur. Sərin havada keçən yürüşlər zamanı belçikalı pilot 1.31,777 zaman göstərərək günün protokoluna başçılıq etmişdir.
Yürüşlərin ikinci hissəsində xırda yağış yağsa da, o pilotlar üçün problem yaratmamışdır. İkinci və üçüncü yerdə isə Audi pilotları Mayk Rokenfeller və Ceymi Qrin qərarlaşmışdırlar. Onlar Martenə müvafiq olaraq 0,223 və 0,366 saniyə uduzmuşdurlar. Dördüncü nəticəni digər BMW pilotu Bruno Spenqler göstərmişdir.
Onun ardınca dörd Audi pilotu - Niko Müller, Rene Rast, Mattias Eksterm və Loik Dyuval yerləşmişdirlər. İlk onluğu Tom Blomkvist və Marko Vittmann (hər ikisi BMW) tamamlamışdırlar. Mercedes pilotları arasında ən sürətli pilot 11-ci nəticəni göstərmiş Qəri Paffett olmuşdur. O liderdən bir saniyədən çox geridə qalmışdır.
