Avtomobil aləmindən gələn xəbərlərə nəzər salsaq, 2020-ci ilin, tarixçilərin təbirincə desək, avtomobil sənayesində dönüş ili olacağı aydın görünür. Bir çox avtomobil istehsalçıları öz planlarını məhz 2020-ci illə bağlayırlar. Misal olaraq, Toyota’nın 2020-ci ilə kimi yanacaq elementlərindən ibarət mühərriklərdən istifadə barədə və ya süni idrakın inkişafı üzərində planlar qurduğu, BMW şirkətinin isə 2020-ci ildə yeni flaqman modelini və D-seqmentində olan elektrik sedanının buraxacağı bildirilir.
Yapon istehsalçılarından biri olan Honda da 2020-ci ilə qədər 2,4-litrlik atmosfer mühərrikindən tədricən imtina edib 1,5-litrlik turmomühərriklərə keçməyi planlaşdırır. Bu barədə yapon şirkətinin tədqiqitlar və yeniliklər şöbəsinin rəhbəri Keyci Otsu bildirmişdir. Otsu-sanın dediyinə görə, yeni mühərriklərin ilk olaraq tətbiq ediləcəyi bazarlar Çin, Avropa və Şimali Amerika bazarı olacaqdır. İnkişafda olan ölkələrin bazarlarında isə, Honda atmosfer mühərriki qoruyub-saxlamaq fikrindədir.
Otsu-san həmçinin, 2020-ci ilə mi Honda avtomobillərinin 50 faizinin yeni turbomühərriklər və hibrid güc aqreqatları ilə təchiz ediləcəyini də bildirmişdir. Bu qlobal satışlara aid olan rəqəmdir, çünki yapon şirkəti daxili bazarda hibridlərin payının 80 faizə çatdırılmasını planlaşdırır.
1,5-litrlik turbo mühərrik
Dəyişikliklər yapon şirkətinin premium brendi olan Acura’dan da yan keçməyəcək. Lakin, bu brend altında buraxılan avtomobillərin mühərrikləri Honda modellərindən fərqlənəcəkdir. Bundan əlavə, Keyci Otsunun bildirdiyinə görə, şirkət HLSI (Homogeneous lean-charge spark-ignition technology - alışdırmadan alovlanan həmcins zəifləşdirilmiş qarışıq) adlı texnologiyası üzərində çalışır ki, bu da, az yanacağın sərfi ilə bərabər mühərriklərin səmərəliliyinin artırmasını təmin edir.
1,5-litrlik turbomühərriklə ilk olaraq, bu ilin oktyabr ayında təqdim edilmiş Honda Civic kupesinin yeni nəsli təhciz edilmişdir. Bizi isə maraqlandıran yegəna sual, yaponların Azərbaycan bazarını hansı ölkələr siyahısında görməsidir - inkişaf etmiş, yoxsa inkişafda olan.