Honda şirkəti ABŞ-da Acura ADX ticarət nişanını qeydiyyata alıb: müvafiq ərizə yerli Patent və Əmtəə Nişanları İdarəsinə təqdim edilib. Bu adın hansı avtomobilə veriləcəyi barədə rəsmi məlumat hələlik yoxdur. Lakin amerikalı jurnalistlər Honda şirkətinin bu addan istifadə üçün iki seçiminin olduğu qənaətinə gəliblər. Bu seçimlərin hər ikisinin də real olduğu görünür.

Birinci varianta əsasən, belə ad yeni Honda HR-V krossoverinin bazasında hazırlanacaq və hibrid güc qurğusu ilə hərəkətə gələcək yığcam premium krossoverə verilə bilər. Amerikan bazarı üçün Acura ADX tam bir yenilik olacaqdır, çünki yerli çeşiddə bu bənzər model mövcud deyil. Lakin belə krossover Çində mövcuddur: 4,4-metrlik Acura CDX krossoveri 2016-cı ildə debüt edib və əvvəlki nəsil Honda HR-V modelinin əsasında yaradılıb. Belə bir krossoverin nə zaman işıq üzü görəcəyi məlum deyil.

İkinci varianta əsasən, ADX indeksi elektromobilə qismət ola bilər. Bu, General Motors konserninin Ultium platformasında inşa edilmiş gələcək Honda Prologue krossoverinin premium analoqu ola bilər. Şirkət həqiqətən belə Acura modelinin olacağını bildirib, lakin onun adı hələlik açıqlanmayıb. Honda Prologue satışa 2024-cü ilin əvvəlində çıxmalıdır, Acura markası altında buraxılacaq model isə bir qədər sonra debüt edəcəkdir. Hər iki avtomobil Honda markasının firma üslubunda dizayna, incə tənizmləmələrə və Honda Sensing təhlükəsizlik kompleksinə malik olacaqdırlar. Hər iki elektromobil Amerikada, GM konserninin zavodlarında və yerli bazar üçün buraxılacaqdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.