Dünyanın ən böyük beynəlxalq biznes aviasiyası sərgisi olan NBAA Business Aviation Convention & Exhibition aviasalonunda yeni nəsil HondaJet biznes cetinin təqdimatı keçirilib. Hələlik Honda Aircraft Company bölməsi ictimaiyyətə yeni dargövdəli təyyarənin prototipini nümayiş etdirib. Yeni konsept HondaJet 2600 adlanır ki, onun indeksindəki rəqəm cetin uçuş mənzilinə işarə edir.
Şirkətdən verilən məlumata görə, yeni cet ABŞ üzərindən fasiləsiz qitələrarası uçuşlar həyata keçirə bilən dünyanın ilk yüngül reaktiv təyyarəsidir. Onun uçuş məsafəsi 2625 dəniz mili və ya 4860 kilometrdir. Xatırladaq ki, cari HondaJet Elite S modelində bu göstərici 1437 mil təşkil edir. Baqaj bölümü də Elite S modelinə nisbətən ciddi şəkildə artırılıb - 1869 litrə qarşı 3398 litr. HondaJet 2600 modeli 844 km/saatlıq kreyser sürətinə və 14.33 kilometrlik tavana malikdir.
HondaJet 2600 konsepti Honda Aircraft şirkətinin aviasiya sahəsindəki bütün nailiyyətlərini, o cümlədən mühərrikin qanad üzərində yerləşdrilməsi konfiqurasiyasını (OTWEM), füzelyajın burun hissəsində və qanadlarında tətbiq edilən təbii laminar axın (NLF) texnologiyasını və karbon əsaslı kompozitdən hazırlanmış füzelyajı əldə edib.
Təyyarə, uzun məsafələrə səyahət etmək üçün əlverişli olan və 11 nəfərə qədər sərnişini qəbul edə bilən sakit və geniş salona malikdir. Təyyarə, eyni zamanda, ən hündür və ən yüksək səviyyəli havalandırılması olan sərnişin bölümünü təklif edir. Bundan başqa, təyyarə üçün üç növ modul və xüsusi salon konfiqurasiyası nəzərdə tutulub.
Ancaq yeniliklər bununla bitmir. HondaJet 2600 tək pilotla idarəetməni təmin edən ilk qitələrarası reaktiv biznes cetdir. Təkmilləşdirilmiş kokpit elektrikləşdirməni və avtomatlaşdırılmış (dartma avtomatı və avtomatik əyləclər də daxil olmaqla) sistemləri özündə cəmləşdirən qabaqcıl texnologiyalar ilə təchiz edilib.
Eyni zamanda, yeni cet əhəmiyyətli dərəcədə azaldılmış karbon qazı emissiyası ilə seçilir. Bunun əsas səbəbi qənaətcillikdir, belə ki, HondaJet 2600 modeli digər yüngül təyyarələr ilə müqayisədə 20%, orta ölçülü təyyarələrdən isə 40% daha az yanacaq işlədir.
Təəssüf ki, Honda Airrcraft bölməsi prototipin seriyaya nə qədər yaxın olduğunu və seriya variantının nə zaman satışa çıxacağını açıqlamayıb. Konseptin əsas vəzifəsi müştəri rəylərini toplamaq və bazardakı tələbatı müəyyən etməkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.