Honda şirkəti yeni, altıncı nəsil CR-V krossoverinin ilk rəsmi şəkillərini dərc edib. Yeni nəsil Honda CR-V krossoveri bu yay debüt edəcək və amerikan bazarında hibrid güc qurğusu ilə təklif olunacaqdır. Bu aqreqatın CR-V modelinin mühərrik çeşidindəki yeganə güc qurğusu olub-olmayacağı barədə nə isə söyləmək çox çətindir. Təfərrüatların bir qədər sonra açıqlanacağı bildirilib.
Altıncı nəsil Honda CR-V modelinin dizaynında Passport krossoverinin və Prologue elektrokarının təsiri özünü açıq şəkildə biruzə verir. Fənərlərin forması nazikləşib, radiator barmaqlığının ölçüləri böyüdülüb və iri hüceyrəli tor tətbiq edilib. 2019-cu ildəki restaylinqdən sonra krossoverin beşinci nəslində peyda olmuş “dişlər” saxlanılsalar da, artıq daha az gözə çarpırlar. Yan güzgülər indi ayrıca dayaqlarda quraşdırılıblar.
Arxa tərəfdə başqa naxışa malik olan fənərlər və buraxılış sisteminin yalançı çıxış boruları diqqəti çəkirlər. “Hybrid” nişanı yeni CR-V modelinin benzin-elektrik güc qurğusunu alacağından xəbər verir. Çox güman ki, söhbət tərkibinə bir daxili yanma və iki elektrik mühərriki daxil olan e:HEV sisteminin yeni versiyasından gedir. 1,5-litrlik turbomühərriki çeşiddə saxlanılacağı barədə məlumat yoxdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.