Honda şirkəti sensorlu səthi olan yeni avtomobil pəncərələrinin patentini qeydiyyata almışdır. Bu pəncərələrin üzərində barmağı sürüşdürməklə tündlüyünü dəyişmək mümkündür. Ərizə ABŞ-ın patent idarəsində qeydə alınmışdır.
Patentə əlavə edilmiş şəkillərdə şüşənin, mobil qadcetlərdə olduğu kimi, barmaq toxunuşu ilə tündlüyünü dəyişdiyi göstərilmişdir. Bu texnologiya sensorlar sayəsində avtomatik olaraq və ya salondakı düyməyə toxunmaqla tündlüyünü dəyişən elektroxrom “ağıllı”şüşələrə alternativ ola bilər.Güman edirik ki, bu növ şüşələrə Azərbaycan kimi isti iqlimi olan ölkələrdə böyük tələbat olacaqdır. Bundan əvvəl Honda şirkəti sürücü üçün “rentgen görməsi” sistemini qeydiyyata almışdır ki, bu sistem də xüsusi sensorlar vasitəsi ilə sürücünün görmə zonasından kənar “kor zonalarda” olan piyadaları aşkar edib onu xəbərdar edir.