İki ay əvvəl Amerikada satılan Honda Civic modeli planlaşdırılmış restylinqdən keçib. Civic Si “idman” versiyasının çeşiddə qalacağı məlum idi və indi o yenilənmiş formada təqdim olunur.
Honda Civic Si versiyasının görünüşü baza modelindəki dəyişikliklərə uyğun olaraq yenilənib. Duman əleyhinə işıqlar ön bamperdən yoxa çıxıb, onun özü isə, bucaqlı formaları və iri hüceyrəli barmaqlıq sayəsində daha aqressiv olub.
Fərqləndirici əlmət – radiator barmaqlığındakı böyük “Si” nişanıdır. Arxa işıqlar fərqli naxışa malikdirlər, onların korpusları isə, qaraldılıb. Si versiyasının başqa bir xüsusiyyəti qara rəngli 18-düymlük təkər diskləridir.
Standart olaraq, bütün mövsüm şinləri quraşdırılıb, lakin əlavə 300 dollar ödəməklə yay şinlərini sifariş etmək olar - bu, ABŞ bazarı üçün tipik bir praktikadır.
Si versiyasının interyeri adi Civic modelinin zəngin təchizat səviyyələrinin daxili tərtibatını təkrarlayır və restaylinq praktiki olaraq ona təsir göstərməyib. Cihazlar panelində (10,2 düymlük) optimal ötürmə anının göstəricisi, həmçinin sürətlənmə və yan yüklənmələrin şkalaları var.
Bütün sistem idman motivləri olan orijinal qrafikaya malikdir. İnteqrasiya olunmuş başlıqları, təkmilləşdirilmiş yan dəstəkləri və qızdırılma funksiyası olan ön oturacaqlar standart təchizata daxildir.
Kapotun altında 1,5-litrlik “turbodördlük” (203 at qüvvəsi, 260 Nm) və altı pilləli mexaniki tranmsissiya yerləşir. Üstəlik, turbomühərrik yalnız Civic Si modelində qalır, çünki ABŞ-da Civic modelinin adi modifikasiyaları indi ya 2,0-litrlik atmosfer mühərriki (160 at qüvvəsi, 187 Nm) və ya ona əsaslanan hibrid güc qurğusu (203 at qüvvəsi, 315 Nm) ilə təchiz edilir.
Mexaniki transmissiya əvvəllər də Civic Si modelinin imtiyazı idi, lakin indi o, ötürmələr zamanı dövrələri tənzimləyən yaxşılaşdırılmış sistemi əldə edib.
Bununla belə, yenilənmiş Honda Civic Si təkcə güc aqreqatı ilə seçilmir. Kuzovun sərtliyi artırılıb: ona kandar və orta dayağın gücləndiricilərini inteqrasiya ediblər. Yenidən sazlanmış amortizatorlar da quraşdırılıb. Nəticədə, Honda Civic Si daha həssas və sürücüyönümlü olub.
Yenilənmiş Honda Civic Si sedanlarının satışının başlanması avqustun əvvəlinə planlaşdırılır. Yenilənmədən əvvəlki modellə müqayisədə qiymət 850 dollar artıb – indi Si indeksli model üçün 29 950 dollar tələb olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.