Yaponiyanın Honda Motor şirkəti onuncu nəsil Civic sedanı üçün hazırladığı Black Pack opsional dəstini təqdim etmişdir. Əlavə aksessuarlar dəstini əldə etmiş Honda Civic modelini artıq Avstraliya bazarında əldə etmək mümkündür. Xatırladaq ki, bu materik-ölkənin bazarında avtomobil beş müxtəlif təchizat səviyyəsində təklif edilir. Bunlar - VTi, VTi-S, VTi-L, VTi-LX və RS modifikasiyalarıdır. Opsional Black Pack dəstini istənilən modifikasiya üçün sifariş etmək olar. Black Pack dəstinin tərkibinə unikal 17-düymlük qara parlaq rəngli təkər diskləri, qara rəngə boyanmış ön bamperin spoyleri, qara qapı kandarları, arxa görüntü güzgülərinin qara rəngli korpusları, qara radiator barmaqlığı və qara rəngli arxa diffuzor daxildir.
Honda Civic modelinin VTi, VTi-S, VTi-L, VTi-LX modifikasiyalarına bu dəstin quraşdırılması üçün 2998 Avstraliya dolları tələb edilir. Honda Civic RS modeli üçün isə, bu məbləğ 2298 dollar təşkil etmişdir ki, buna səbəb də dəstin tərkibinə daxil olan bəzi avadanlığın artıq RS modelinin təchizatına daxil edilməsidir.
Xatırladaq ki, Honda Civic modelinin onuncu nəsli keçən ilin sentyabrında Los-Anjeles rəsmi olaraq təqdim edilmişdir. Avropa bazarında satılacaq hetçbek kuzovlu Civic modelinin prototipi bu ilin martında keçirilmiş Cenevrə avtosalonunda nümayiş etdirilmişdi.
Prototipin kuzovunun qabarit uzunluğu 4430 millimetr, eni - 1800 millimetr , hündürlüyü isə 1420 millimetr təşkil edir. Beləliklə, yeni hetçbek Civic modelinin doqquzuncu nəslindən 130 millimetr uzun, 30 millimetr enli və 20 millimetr alçaqdır. Avropa bazarı üçün nəzərdə Civic modelinin mühərrik çeşidinə 120 at qüvvəli 1,6-litrlik «turbodizel», 175 at qüvvəsi gücü olan 1,5-litrlik turbomühərrik və 128 at qüvvəli 1,0-litrik üç silindirlli turbomühərrik ilə təklif ediləcəkdir.
Hər iki benzin mühərriki variatorla birləşdiriləcəkdir. 1,6-litrlik mühərrik həmçinin, altı pilləli mexaniki sürətlər qutusu ilə də sifariş etmək mümkün olacaqdır.