Honda Civic Type R modelinin yeni nəsli Nürburqrinq trekinin ən sürətli öndən çəkişli avtomobili olmuşdur. Yapon «qaynar» hetçbeki Nwrburqrinqin «Şimal ilgəyini» 7 dəqiqə 43.8 saniyəyə qət etmişdir.
Bu nəticə əvvəlki nəsil Civic Type R modelinin göstərdiyi nəticədən yeddi saniyə yeyindir.
Eyni zamanda, bu nəticə Volkswagen Golf GTİ Clubsport S modelinə məxsus olan rekordan dörd saniyə yeyindir. Honda Civic Type R «qaynar» hetçbekinin yeni rekordu 3 aprel tarixində qeydə alınmışdır. Yapon şirkətindən rekordun, modelin seriyaya buraxılmasından öncə testlər üçün istifadə edilən avtomobildə qeydə alındığını bildirmişdirlər.
Bununla bərabər, Honda nümayəndələri modelin müştərilərə satılacaq avtomobillər ilə eyni olduğunu söyləmişdirlər.
Təhlükəsizlik nöqteyi-nəzərindən rekord yürüşündə iştirak edən avtomobilə xüsusi təhlükəsizlik karkası quraşdırılsa da, yapon istehsalçısı bunun hetçbekin kuzovunun sərtliyinə təsir göstərmədiyini bildirmişdir. Artmış çəkinin əvəzlənməsi məqsədi ilə audiosistemin və arxa oturacaqların quraşdırılmasından imtina edilmişdir. Bundan başqa, avtomobil adi şinlərlə təchiz edilmiş, yürüş isə quru hava şəraitində və «təkərlər və mühərrikin optimal iş rejimini təmin edən» temperaturda keçirilmişdir.
Yeni nəsil Civic Type R modelinin 2,0-litrlik dörd silindrli turbomühərriki 320 at qüvvəsi və 400 Nm fırlanma anı təklif edir. Güc aqreqatı, aşağı pilləyə keçən zaman mühərrikin dövrələrini avtomatik olaraq yüksəldə bilən, 6-pilləli mexaniki ötürmələr qutusu ilə komplektləşdirilir. Yeni Type R modelinin dinamik xarakteristikaları açıqlanmamışdır. Əvvəlki model 100 km/saat sürətini toplamağa 5,7 saniyə sərf edir və 270 km/saat maksimal sürətə malikdir.