Honda özünün ən çox satılan modeli olan CR-V krossoverinin yeni nəslini hazırlayır. 2027-ci ildə təqdim olunması gözlənilən avtomobil yeni dizayn, təkmilləşdirilmiş multimedia sistemi və daha qənaətcil hibrid güc qurğusu ilə fərqlənəcək.

Yeni CR-V Honda-nın gələcək modelləri üçün nəzərdə tutduğu fərqli dizayn üslubunu mənimsəyəcək. Hazırkı modelin nisbətən mühafizəkar görünüşü daha kəskin xətlərə və müasir detallara yer verəcək. Şirkətin bu istiqamətdəki yanaşmasını daha əvvəl nümayiş etdirilmiş hibrid sedan konseptində və bəzi xarici bazarlar üçün hazırlanan Avancier krossoverində görmək mümkündür. Yeni modeldə hamar kuzov səthləri, kuzova inteqrasiya edilmiş LED işıqlandırma və fərqli loqo dizaynı gözlənilir.

Krossoverin salonunda isə Asimo adlı yeni multimedia sistemi tətbiq ediləcək. Bu sistem avtomobilin rəqəmsal funksiyalarını vahid interfeysdə birləşdirəcək. Proqram təminatı əsaslı yeni elektron arxitektura onlayn xidmətlərin tətbiqi üçün daha geniş imkanlar yaradacaq, həmçinin avtomobilin proqram təminatını məsafədən yeniləmək mümkün olacaq.

Yeni CR-V-nin əsas yeniliklərindən biri də təkmilləşdirilmiş Honda Hybrid sistemi olacaq. Bu qurğuda hərəkətin böyük hissəsini elektrik mühərrikləri təmin edəcək, benzin mühərriki isə əsasən generator rolunu oynayacaq. Beləliklə, Honda daha yüksək yanacaq səmərəliliyinə nail olmağı hədəfləyir.

Bununla belə, yeni hibrid sistemin modelin ilk təqdimatından etibarən bütün bazarlarda təklif edilib-edilməcəyi məlum deyil. CR-V əvvəlcə ABŞ bazarı üçün nəzərdə tutulmuş versiyada debüt edəcək. Honda Toyota RAV4 və Nissan X-Trail kimi rəqiblərlə mübarizədə yeni modeli mümkün qədər tez satışa çıxarmağa çalışır.

ABŞ-da istehsalın 2027-ci ilin ortalarında başlanması planlaşdırılır. Bu avtomobillər 2028-ci model ili kimi satışa çıxarılacaq. Yaponiyada istehsal olunan sağ sükanlı versiyaların isə Böyük Britaniya və Avropa bazarlarına çatması daha uzun vaxt tələb edə bilər.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.