Honda şirkəti CR-V krossoverinin sonuncu nəslinin yeddi sərnişin üçün nəzərdə tutulmuş variantını hazırlamışdır. Yeni avtomobilin tizerləri Civic hetçbekinin Tailandda keçirilmiş təqdimatı zamanı göstərilmişdir. Bu barədə xəbəri CarAdvice saytı dərc etmişdir.
Nəşrin yazdığına görə, krossover eyni zamanda yeni 1.6-litrlik dizel mühərrikini əldə edəcəkdir. Dizel aqreqatı 161 at qüvvəsi və 350 Nm fırlanma anına malikdir. Güc aqreqatı doqquz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışacaqdır. Doqquz yerlik Honda CR-V modelinin təqdimatının bu ayın axırında keçiriləcəyi gözlənilir. Beş yerlik yeni nəsil Honda CR-V modelinin təqdimatı keçən ilin oktyabr ayında keçirilmişdir.
Krossoverin ölçüləri böyümüş və avtomobil tarixində ilk dəfə olaraq 190 at qüvvəsi və 243 Nm fırlanma anı olan 1,5-litrlik turbomühərrikə sahib olmuşdur.
Bundan başqa, krossoverin mühərrik çeşidinə azərbaycanlı Honda həvəskarlarına yaxşı tanış olan 184 at qüvvəli (244 Nm) 2.4-litrlik atmosfer benzin mühərriki də daxildir.