Honda şirkəti yeni Pilot krossoverini nümayiş etdirib. Krossoverin dördüncü nəsli fərqli görünüşə və dəyişdirilmiş interyerə sahib olub, habelə ilk dəfə TrailSport ofroud tərtibatını əldə edib. Əlbəttə ki, belə bir Pilot krossoverini ofrouder adlandırmaq olmaz. Honda Pilot TrailSport versiyası artırılmış klirensə, fərqli tənzimləmərə malik olan asqıya və tam ötürməyə, həmçinin TrailWatch ofroud kamerasına, altlığın müdafiəsinə və Continental TerrainContact AT şinlərinə malikdir. Yeni Honda Pilot krossoverinin satışlarına gələn ay başlanmalıdır.
Dördüncü nəsil Honda Pilot modelinin əsas yeniliklərindən biri onun brutal görünüşüdür. İri radiator barmaqlığı 2018-ci ildə Ridgeline pikapında tətbiq olunub və artıq yapon markasının bütün krossoverləri eyni üslubda tərtib edilirlər. Yeni Pilot daha enli və uzun olub, lakin iri kapot və maili ön dayaqlar onun nisbətlərini daha idman yönümlü etməyə imkan verib.
Bundan əlavə, ilk dəfə, krossoverin opsiyalar siyahısında bir qədər yarış estetikası əlavə edən HPD paketi peyda olub. Buraya bürünc rəngli təkər diskləri, təkər tağlarının genişləndiriciləri və kuzovdakı stikerlər daxildir.
Pilot modelinin interyerindəki dəyişikliklər eksteryerdəkilərdən heş də az deyil, bununla belə, əvvəlki nəsil ilə bənzərliyi müəyyən yerlərdə müşahidə etmək olar. Salonda səkkiz nəfəri yerləşdirmək mümkündürr. İkinci sıranın orta oturacağı qatlanaraq dirsəkaltına çevrilir və ya tamamilə çıxarılır, üstəlik, onu baqaj bölümünün döşəməsinin altındakı xüsusi bölmədə saxlamaq olar.
Sıralar arasında boşluq artırılıb, öndə təkmilləşdirilmiş yan dəstəyi olan və uzunmüddətli səfərlər zamanı yorğunluğu azaldan yeni oturacaqlar quraşdırılıb. Krossoverin salonunda 14 stəkanaltı var, konsoldakı bölməyə isə, iPad Pro planşeti yerləşir.
Honda Pilot modelinin standart təchizatına rəqəmsal taxometri və analoq spidometri olan yeddi düymlük cihazlar paneli və eyni ölçülü mərkəz displey daxildir. Versiyadan asılı olaraq avtomobildə altı USB portu, simsiz doldurma meydançası və 12-dinamikli Bose səs sistemi quraşdırıla bilər.
Bahalı versiyalarda 10,2-düymlük virtual cihazlar paneli və media sisteminin 9-düymlük ekranı quraşdırılır. Bütün oturacaqların qızdırılması artıq standartdır. Sürüşərək açılan bölməsi olan panoram dam, dəri ilə üzləmə və qızdırılan sükan TrailSport, Touring və Elite versiyalarının imtiyazıdır.
Yeni Honda Pilot modeli yığcam silindr başlığı və yanacaq qarışığının daha yaxşı alışması üçün klapanların dəyişdirilmiş quraşdırılma bucağı olan yeni 3,5-litrlik V6 mühərriki ilə təklif edilir. Mühərrikin hasilatı 289 at qüvvəsi və 355 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı 10-pilləli “avtomat” və ikinci nəsil i-VTM4 tam ötürmə sistemi ilə birlikdə çalışır.
Transmissiya 40 faiz daha çox gücü həzm edir və dəyişən hərəkət şəraitinə 30 faiz daha yeyin reaksiya verir. Adi halda fırlanma anın 70 faizə qədəri arxa oxa ötürülür, bu qüvvə tam şəkildə təkərlərin hər hansı birinə yönəldilə bilər, lakin Trail rejimində tam ötürmə sisteminin işləmə məntiqi dəyişir.
Tərəflərdən biri ilişmə qabiliyyətini itirərsə, mövcud fırlanma anının 75 faizi ən çox ilişməyə malik olan təkərə yönəldiləcəkdir. Qalan 25 faiz yerində fırlanan təkərə ötürüləcəkdir ki, ilişmə yaranan kimi avtomobil dərhal lazımi dartma qabiliyyətini əldə edə bilsin. Trail rejimi yalnız TrailSport, EX-L, Touring və Elite versiyaları üçün əlçatandır. Honda Pilot yeddi hərəkət rejiminə malikdir: Trail rejimi ilə yanaşı, Normal, Econ, Snow, yeni Sport və Tow, eləcə də təkmilləşdirilmiş Sand rejimi var.
TrailSport versiyası Honda Pilot modelinin modifikasiya çeşidinə ilk dəfə əlavə edilib. Lakin belə versiya artıq Passport modelində var. Belə krossover kuzovun Diffused Sky Blue rəngi, təkmilləşdirilmiş həndəsi keçid qabiliyyəti, yenidən tənzimlənmiş asqısı, altlığın müdafiəsi və standart Continental TerrainContact AT ofroud şinləri ilə seçilir.
Trailsport versiyası habelə fərdiləşdirilə bilən enmə köməkçisi, avtomobilin altında quraşdırılan TrailWatch kamerası və qarmaqlarla təchiz edilir. Belə qarmaqlar avtomobilin icazə verilən maksimum çəkisindən iki dəfə çox ağırlığa tab gətirə bilərlər.
Yeni Honda Pilot modelinin satışına gələn ay başlanmalıdır. Krossoverlərin istehsalı ilə əvvəlki kimi Alabamadakı zavod məşğul olacaqdır. Qiymətlər hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.