Honda şirkəti Cenevrə avtosalonunda debüt edəcək şəhər elektrokarının interyerinin ilk şəklini dərc edib. Nümayiş etdirilən panelin dizaynı 2017-ci ilin Honda Urban EV konseptində tətbiq olunmuş ideyaların təkamülüdür.
Şəkildən göründüyü kimi, prototip bir neçə ekranı olan geniş formatlı cihazlar panelinə sahib olacaqdır. Mərkəzi ekran multimedia sistemi üçün nəzərdə tutulub. Bu ekranın sol tərəfində virtual cihazlar paneli, kənarlarında isə, yan kameralardan alınan görüntüləri əks etdirən displeylər yerləşdirilib. Bundan başqa, fiziki düymələri olan orqanlar da saxlanılacaqdır. Məsələn, klimat-kontrolun bloku ənənəvi görkəmə malikdir.
Yeni elektrokar Honda markasının Avropada təklif edilən model xəttinin elektrikləşdirilməsi üzrə strateji planının bir hissəsi olacaqdır. Istehsalçı artıq Avropada beşinci nəsil Honda CR-V krossoverini dizel mühərriki ilə təklif etmir – dizel modifikasiyasını hibrid krossover əvəzləyib. 2025-ci ildə şirkətin satışlarının ümumi həcminin üçdə ikisini hibrid və elektrokarlar təşkil etməlidir.
Honda şirkəti Urban EV konseptini keçən ilk keçirilmiş Frankfurt avtosalonunda nümayiş etdirib. Honda Urban EV konsept avtomobili yapon şirkətinin Electric Vision adlı yeni proqramının tərkib hissəsidir. Bu proqram yeni platformaların, güc qurğularının və elektromobillər üçün yüngülləşdirilmiş akkumulyatorların yaradılmasını nəzərdə tutur.